V ixtisas qrupu və texnikumlar üzrə qabiliyyət imtahanları başlayır

V ixtisas qrupu və texnikumlar üzrə qabiliyyət imtahanları başlayır
# 12 iyul 2016 16:14 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. İyulun 15-dən ali təhsil müəssisələrinin V ixtisas qrupu və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları keçiriləcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, bu ixtisaslar üzrə qeydiyyatdan keçmiş abituriyentlər iyulun 15-dən avqustun 5-dək qabiliyyət imtahanında iştirak etməlidirlər. Abituriyentlər “qabiliyyət imtahanına buraxılış vərəqi”ni https://eservices.tqdk.gov.az/brxvqab/?frm=egov linkindən çap edib götürə bilərlər.

Məlum olduğu kimi, V ixtisas qrupuna ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları daxildir. I, II, III və ya IV ixtisas qruplarının hər hansı biri üzrə müsabiqədə iştirak etmək istəyən abituriyent, həm də V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilir. Abituriyentlərə iki müxtəlif ixtisas qrupu üzrə müsabiqədə özlərini sınamaq şansı verilməklə, onlar üçün əlavə imkanlar yaradılır.

V ixtisas qrupuna və tam orta təhsil (11 illik) bazasında kolleclərə qəbul cari ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə, əvvəlki illərin məzunları üçün isə buraxılış imtahanı səviyyəsində iyulun 5-də keçirilmiş qəbul imtahanının nəticələrinə əsasən aparılır.

Bütün qabiliyyət imtahanı komissiyaları üzrə qabiliyyət imtahanlarında iştirak hüququ qazanmış abituriyentlərin sayı ötən illə müqayisədə xeyli artıb. Abituriyentlərə I-IV ixtisas qrupları ilə yanaşı, V ixtisas qrupuna da əlavə olaraq sənəd vermək üçün imkanın yaradılması qeydiyyatdan keçənlərin sayının artmasında ciddi rol oynayıb. Digər tərəfdən ötən ildən fərqli olaraq bu il qabiliyyət imtahanları üzrə seçmə turlar ləğv olunub və abituriyentlərin daha rahat şəkildə TQDK-nın internet saytında elektron qeydiyyatdan keçmələri üçün “qabiliyyət imtahanlarına qeydiyyat” sistemindən istifadə olunub, həmçinin abituriyentlərə istənilən sayda qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçməyə icazə verilib.

11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq arzusunda olan abituriyentlərdən isə 21679 nəfəri müsabiqədə iştirak hüququ qazanıb. Nəzərə alsaq ki, həmin abituriyentlərdən müəyyən hissəsi ali təhsil müəssisələrinin müsabiqəsində də iştirak edə biləcəklər, kolleclərə hansı sayda ərizə veriləcəyini indidən söyləmək mümkün deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR