Monitorinq: Azərbaycanın daşınmaz əmlak bazarında passivlik davam edir

Monitorinq: Azərbaycanın daşınmaz əmlak bazarında passivlik davam edir
# 13 avqust 2012 12:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyun-iyul ayları ərzində Azərbaycanın daşınmaz əmlak bazarında müşahidə olunan passivlik hələ də davam edir. «APA-Economics»in xəbərinə görə, bu barədə «MBA Ltd.» qiymətləndirmə və konsaltinq şirkətinin məlumatında bildirilir.
Şirkətin mütəxəssisləri tərəfindən aparılan araşdırmalar zamanı məlum olub ki, avqust ayında da daşınmaz əmlak bazarında aktivlik nəinki stabilləşib, hətta əvvəlki aylarla müqayisədə qiymətlərdə cüzi də olsa enmə müşahidə olunub: «Bazarın aktivliyinin azalması bütün seqmentlər üzrə müşahidə edilib. Daşınmaz əmlak bazarındakı susqunluq bir tərəfdən yay aylarının başlanması ilə izah edilirsə, digər tərəfdən bazarda pul kütləsinin azalması, kredit imkanlarının məhdudlaşması və dünya bazarlarında ehtimal olunan böhran ilə bağlıdır».
Mənzil bazarında ötən ay ərzində satış portfelində ucuz evlərin payı 2% artaraq 57,5%, bahalı qiymətə satılan evlər isə 0,2% azalaraq 42,5% təşkil edib. Müvafiq olaraq ay ərzində satış portfelinin mütləq çox hissəsini ucuz evlər təşkil edib ki, bu da alıcıların əksər hissəsinin ipoteka kreditinin imkanlarından istifadəsinin nəticəsindən irəli gəlir.
«Ay ərzində təkrar mənzil bazarında təklifin həcmi 14,7%, bağlanan əqdlərin sayı 7% azalıb, əmlakın ekspozisiya müddəti isə bazarın hazırkı durumuna uyğun olaraq artaraq 134 gün təşkil edib. Göründüyü kimi, bazarda təklifin azalmasının əksi olaraq, əmlakın ekspozisiya müddəti artıb, bu da ondan xəbər verir ki, bazarda nə real alıcı, nə də kifayət qədər real əmlak satıcısı var», - deyə şirkətin məlumatında bildirilir.
Təklif portfelində köhnə mənzillərin paylarının azalması davam edib və əvəzində isə «yeni təklif»lərin payı artmaqdadır. Bütün bunlarla yanaşı mənzil bazarında dəyişən struktur ilə qiymət indeksi ay ərzində 0,9% azalaraq 6,32, daimi struktur ilə isə 1,5% azalaraq 6,36 bəndində qərarlaşıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR