Azay Quliyev: “QHT-lər özləri “İctimai faydalı təşkilat” statusunun verilməsində maraqlı olmalıdır”

Azay Quliyev: “QHT-lər özləri “İctimai faydalı təşkilat” statusunun verilməsində maraqlı olmalıdır”
# 03 mart 2012 11:35 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Azərbaycanda ictimai təşkilatların keyfiyyət kateqoriyalarına bölünməsi kimi köklü ideya və islahatlarda narazılıqların ola biləcəyi çox təbiidir. Amma QHT-lər özləri “İctimai faydalı təşkilat” statusunun verilməsində maraqlı olmalıdır, çünki bu onların xeyrinədir”. Bunu APA-ya açıqlamasında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib.

O bildirib ki, apreldən Avropa ölkələrinin təcrübəsinin öyrənilməsi prosesinə başlanacaq: “Əsasən Böyük Britaniyanın təcrübəsindən öyrənməyi nəzərdə tuturuq. Türkiyə variantı da diqqətimizdədir”.

A.Quliyev QHT-lərin ixtisaslaşmasının vacibliyini də vurğulayıb: “Azərbaycanda QHT-lərin tam ixtisaslaşması prosesi başa çatmayıb. Bu da QHT-lərə veriləcək stimulu azaldır. Bu proses ilin axırına qədər davam edəcək. Çünki çox çətin məsələdir. Bunu birdən-birə tətbiq edə bilmərik və ictimai təşkilatlar buna hazır olmalıdırlar. Müəyyən dövrdən sonra ictimai faydalı təşkilatlar müəyyən güzəştlər də əldə edə və həm xarici, həm yerli donorlarla əlaqə yarada bilir”.

Qeyd edək ki, “İctimai faydalı təşkilat” statusuna malik qurum bəzi vergi güzəştlərini, əlavə maliyyə yardımlarını özündə ehtiva edə, digər donorlarla əməkdaşlıqda müəyyən üstünlük verə biləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR