Ombudsman Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisini qəbul edib

Ombudsman Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisini qəbul edib
# 13 avqust 2012 13:51 (UTC +04:00)
Bakı-APA. İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycanda diplomatik missiyasını başa vuran Bakı təmsilçisi Zeki Qazioğlunu onun xahişi ilə qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ombudsman qonağa gələcək diplomatik fəaliyyətində daha böyük uğurlar arzulayıb, Azərbaycanın dünya dövlətləri, o cümlədən türk dünyasının bir parçası olan Şimali Kipr Türk Cümhuriyyəti ilə dostluq və tərəfdaşlıq əlaqələri qurduğunu söyləyib.
Müvəkkil insan hüquqları sahəsində fəaliyyətinin əsas istiqamətləri, görülmüş işlər barədə ətraflı məlumat verib. O, dövlət qurumları, o cümlədən ölkə Parlamenti, habelə QHT-lər, vətəndaş cəmiyyəti, icmalar, beynəlxalq təşkilatlar və xarici ölkələrin səfirlikləri ilə insan hüquqları sahəsində sıx əməkdaşlıq əlaqələri qurduğunu söyləyib.

E.Süleymanova Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz yurdunda qaçqın və məcburi köçkünə çevrilmiş bir milyon azərbaycanlının hüquqlarının kütləvi şəkildə, kobudcasına pozulduğunu vurğulayıb.
Z.Qazioğlu Müvəkkilin insan hüquqları sahəsində səmərəli fəaliyyətini, onun səmimi münasibətini yüksək qiymətləndirib, faydalı fikir və məlumat mübadiləsi üçün təşəkkürlərini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR