Kənd Təsərrüfatı Nazirliyi Qobustanda səyyar zona müşavirəsi keçirib - FOTO

Kənd Təsərrüfatı Nazirliyi Qobustanda səyyar zona müşavirəsi keçirib - <font color=red>FOTO</font>
# 21 iyun 2012 15:56 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu gün Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi Elmi Tədqiqat Əkinçilik İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında “Dəmyə bölgələrdə yeni taxıl sortlarının sınağı və toxumçuluğunun təşkili”nə həsr edilmiş səyyar zona müşavirəsi keçirilib.

«APA-Economics»in məlumatına görə, müşavirədə çıxış edən kənd təsərrüfatı naziri İsmət Abasov bildirib ki, kənd təsərrüfatının inkişafı üçün əsas vəzifələrdən biri yeni davamlı və məhsuldar taxıl sortlarının yaradılması, eləcə də fermerlərin səmərəli becərmə aqrotexnikasından, gübrələmə sistemlərindən və bitki mühafizəsi tədbirlərindən istifadə etməsidir.

Müşavirədə bildirilib ki, hələlik taxılçılıqla məşğul olan fermerlərinin əksəriyyəti bu işi lazımi səviyyədə görmür, indiyədək taxıl əkinində keyfiyyətli toxumlar əvəzinə adi ərzaq buğdasından istifadə edilir, üstəlik, taxıla lazımi aqrotexniki qulluq göstərilmir. Bu isə son nəticədə məhsuldarlığın aşağı düşməsinə və fermerlərin gəlirlərinin azalmasına səbəb olur. Belə ki, 2011-ci ildə Azərbaycandakı 950,2 min hektar taxıl sahəsindən orta məhsuldarlıq 25,2 sentner təşkil edib. Keyfiyyətsiz toxumlardan istifadə edən bəzi təsərrüfatlarda isə məhsuldarlıq, ümumiyyətlə, hektardan 5-10 sentner təşkil edir. Halbuki keyfiyyətli toxumdan istifadə edilsə və taxılçılıq üçün lazım olan 50-dək aqrotexniki tədbirdən ən zəruri olan 17-18-i yerinə yetirilsə, məhsuldarlıq 35 sentnerdən yüksək olar. Bu isə ölkəmizin taxıla olan tələbatını tam ödəməyə imkan verərdi.

«Nəzərə alsaq ki, bu gün Biləsuvarda, eləcə də bir sıra digər bölgələrdə bəzi fermerlər hər hektardan orta hesabla 52-53 sentner məhsul əldə edirlər, bu hamını düşündürməlidir. Məlumdur ki, bu sahədə dövlət hər cür lazımı köməklik göstərir, lakin çoxları hələ taxılçılığa primitiv, qayğısız münasibət nümayiş etdirirlər» - deyə nazir İ.Abasov bildirib.

Nazir bu vəziyyətdən çıxış yolu kimi bir sıra tədbirlərin görülməsini, xüsusilə fermerlər arasında maarifləndirmə işlərinin aparılmasını vacib sayıb.

Müşavirdə yeni, məhsuldar taxıl sortları və onların perspektivləri barədə də ətraflı məlumat verilib. Belə ki, artıq ikinci ildir geniş istifadə edilən, bu gün respublikamızda əkin sahəsinin 15 min hektara çatdırıldığı “Qobustan” buğda sortunun quraqlığa və xəstəliklərə davamlı olmaqla yüksək keyfiyyətləri qeyd olunub.

Müşavirədə mühüm strateji məhsul olan taxılçılıqda yüksək məhsuldarlığa nail olmaq üçün torpaqdan səmərəli istifadə olunmasının, bu zaman növbəli əkin sisteminin üstünlükləri də vurğulanıb. Belə ki, orta və dağlıq bölgələrdə noxud, xaşa, dağlıq ərazilərdə isə vələmir və qarabaşaq bu baxımdan çox faydalıdır. Müşavirə iştirakçıları təcrübə stansiyasında yeni salınmış qarabaşaq sahəsinə baxış keçiriblər. Bu gün bazarlarda qarabaşağa yüksək tələbat olduğunu diqqətə çatdıran mütəxəssislər onun istehsalının artırılması perspektivlərindən bəhs ediblər. Həm də göstərilmişdir ki, bu bitkinin daha yaxşı tozlanması üçün arıçılıq təsərrüfatı ilə birlikdə inkişafı daha məqsədəuyğundur. Müşavirə iştirakçıları Qobustanda özəl toxumçuluq təsərrüfatının işi ilə də tanış olublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR