Bakıda beynəlxalq neft şirkətlərində həmkarlar təşkilatlarının yaradılmasına həsr olunmuş seminar keçirilib

Bakıda beynəlxalq neft şirkətlərində həmkarlar təşkilatlarının yaradılmasına həsr olunmuş seminar keçirilib
# 02 oktyabr 2012 11:48 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu gün Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə Neft Qaz Həmkarlar İttifaqı təşkilatları üçün «Transmilli müəssisələr və həmkarlar ittifaqlarının fəaliyyəti: BƏT-in transmilli kompaniyalar haqqında bəyannaməsi» mövzusunda iki günlük beynəlxalq subregional seminarı öz işinə başlayıb.

«APA-Economics»in məlumatına görə, seminarda BƏT nümayəndələri ilə yanaşı, Rusiya, Türkiyə və Qazaxıstanın neft şirkətləri həmkarlar ittifaqlarının nümayəndələri də iştirak edir.

Seminarda AHİK sədri Səttar Mehbalıyev dünya iqtisadiyyatının qloballaşması fonunda transmilli şirkətlərdə həmkarlar ittifaqlarının yaradılması və fəaliyyəti problemləri, eləcə də bununla bağlı Azərbaycanda görülən işlər barədə məlumat verib.

AHİK sədri xatırladıb ki, transmilli şirkətlərin Azərbaycanda fəaliyyət göstərdiyi ilk illərdə burada həmkarlar təşkilatları yaratmaq çox çətin idi. Bəzi şirkətlər hətta baş ofislərində həmkarlar təşkilatı olsa da, Azərbaycandakı bölmələrində belə qurumların yaradılmasına imkan vermirdi: «Transmilli şirkətlərin Azərbaycanda fəaliyyəti dövründə onların baş ofislərinin yerləşdikləri ölkələrdəki həmkarlar ittifaqları ilə əməkdaşlıqları haqqında informasiyalardan bəlli olurdu ki, onlar həmkarlar ittifaqları ilə birgə fəal və əlverişli şəraitdə fəaliyyət göstərirlər. Lakin onlar bizdə fəaliyyətə başladıqları ilk illərdə, xüsusilə neft-qaz kompleksində qanunsuz və sərt tədbirlər görərək öz müəssisələrində həmkarlar ittifaqının yaradılmasına qarşı çıxırdılar. Hətta həmkarlar ittifaqı təşkilatı yaratmağa nail olduqda belə onun qanuni hüquqlarının həyata keçirilməsinə, işəgötürənlə kollektiv müqavilə bağlanmasına imkan vermirdilər».

S.Mehbalıyev bildirib ki, ardıcıl görülən tədbirlər nəticəsində son vaxtlar vəziyyət dəyişib. Görülən işlərin nəticəsi olaraq son illərdə respublikada fəaliyyət göstərən 50-yə yaxın transmilli şirkətin yarısında, o cümlədən Beynəlxalq Qazma Şirkətində «Bos-Şelf», «McDermott», «AZFEN», «Bahar Energy Operatinq Company Limited» və digər transmilli şirkətlərin müəssisələrində həmkarlar ittifaqları yaradılıb.

Tədbirdə BƏT-in işçilərin fəaliyyəti üzrə bürosunun direktor müavini Anna Brondi təşkilatın Üçtərəfli bəyannaməsini təqdim edib. Tədbir təqdimatlar və müzakirələrlə davam edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR