Milli Məclisin sədr müavini Bahar Muradova cəbhə xəttində xidmət keçən əsgər və zabitlərlə görüşüb

Milli Məclisin sədr müavini Bahar Muradova cəbhə xəttində xidmət keçən əsgər və zabitlərlə görüşüb
# 25 iyun 2012 09:59 (UTC +04:00)
Xocavənd. Teymur Zahidoğlu - APA. Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 94-cü ildönümü münasibətilə Azərbaycan Milli Məclisinin bir qrup üzvü və ictimaiyyət nümayəndələri cəbhə bölgəsinə səfər edərək ön xətdə qulluq edən əsgərlərlə görüşüblər. APA-nın Qarabağ bürosunun xəbərinə görə, Milli Məclisin sədr müavini Bahar Muradova, deputatlar Flora Qasımova, Gülçöhrə Məmmədova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova və başqa tanınmış ziyalılar Xocavənd istiqamətində xidmət edən hərbiçilərin sosial və döyüş şəraitləri tanış olublar. Ordunun hərbi-texniki təchizatı, Azərbaycan istehsalı olan silahlar haqda məlumat alan ziyarətçilər, ön xətdə yerləşən mövqelərdən işğal altındakı əraziləri və düşmənin dislokasiya nöqtələrini də müşahidə ediblər.

Tədbir daha sonra Beyləqan rayonu ərazisindəki “N” saylı hərbi hissədə davam etdirilib. Əsgərlər qarşısında çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova onları Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayıb. Tədbirdə söz alan bütün natiqlər bildiriblər ki, Azərbaycan ordusunun bugünkü durumu, maddi-texniki bazası, müasir silahlarla təminatı, ən əsası şəxsi heyətin döyüş ruhu, mənəvi əhval-ruhiyyəsi onu deməyə imkan verir ki, ordumuz düşmənin bütün təxribatlarının qarşısını almağa, istənilən ekstremal vəziyyətdə qarşıya qoyulan vəzifəni yerinə yetirməyə, işğal altında olan torpaqlarımızı azad etməyə hazırdır.

Xidmətdə fərqlənən əsgərlərin valideynləri də hərbi hissələrə dəvət edilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR