Azərbaycanda qumarxana şəbəkəsi aşkar edilib

Azərbaycanda qumarxana şəbəkəsi aşkar edilib
# 26 sentyabr 2012 16:50 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycan paytaxtında qumarxana təşkil edən şəbəkə aşkar edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumatda bildirilir ki, idarənin əməkdaşları sentyabrın 20-də Yasamal rayonu Z. Xəlilov küçəsində beşmərtəbəli binanın birinci mərtəbəsində qumarxana aşkar edib. Həmin ünvandan qumar oyunlarının keçirilməsi üçün texniki vasitələr - 22 ədəd kompüter dəsti və digər predmetlər aşkar edilərək götürülüb.

Aparılmış istintaq zamanı müəyyən edilib ki, qeyd olunan ünvandakı qumarxana Bakı şəhər sakini Vəzir Qaranizadəyə məxsusdur . O, qumarxananı tanışları Nizami Qəmbərov və Kamran Babayevlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs kimi təşkil edərək saxlayıb. Qumarxana təxminən 2 ay müddətində fəaliyyət göstərib.

N. Qəmbərov və K. Babayev elə həmin gün şübhəli şəxs qismində yaxalanaraq istintaqa cəlb olunublar. V. Qaranizadə isə iki gün sonra məsuliyyətə cəlb edilib.

Sonrakı günlərdə Yasamal rayonu Naxçıvani küçəsində həmin dəstəyə məxsus daha bir qumarxana aşkar edilib və 12 ədəd kompüter dəsti götürülüb.

Faktla bağlı sentyabrın 20-də Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 244-1.2.2-ci maddələri ilə cinayət işi başlanıb. Qrupun digər üzvlərinin axtarışı istiqamətində əməliyyat-istintaq işləri davam etdirilir.

APA-nın əldə etdiyi məlumata görə, adıçəkilən şəxslər həmçinin əvvəlcədən əlbir olaraq bəzi oyunlarda özləri də iştirak ediblər. Belə ki, onlar bəzi oyunlarda özlərini müştəri kimi apararaq oyunda istifadə olunan kodu istifadə etməklə külli miqdarda pul qazanıblar. Sonradan həmin pulu aralarında bölüşdürüblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR