AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
# 04 noyabr 2015 13:46 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

APA-nın məlumatına görə, iclasda geologiya-minerologiya elmləri doktoru Adışirin Ələkbərov “Azərbaycanda su ehtiyatları problemləri: inteqrasiyalı idarə edilmənin elmi-metodik əsasları” məruzəsi ilə çıxış edib. O, son illər ölkənin su ehtiyatlarının yaranma qanunauyğunluqlarının müəyyən edilməsi, ehtiyatların qiymətləndirilməsi və dayanıqlı idarə edilməsi, su təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar görülən işlərdən danışıb.

Məruzəçi deyib ki, Azərbaycan ərazisində su ehtiyatları ilə əlaqədar əsas problem istifadəyə yararlı suların məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanmasıdır. Son illərin tədqiqatları bir sıra hallarda, ehtiyatların qiymətləndirilməsində istifadə edilən parametrlərin və su hövzələrinin ehtiyatlarının fərqli göstəricilərlə səciyyələndiyini, qiymətləndirmə metod və yanaşmalarında uyğunsuzluqların olduğunu göstərir. Alim və mütəxəssislər tərəfindən bu uyğunsuzluqlara aydınlıq gətirilir, ehtiyatların daha etibarlı qiymətləndirilməsi istiqamətində kompleks tədqiqatlar aparılır, təbii su sistemlərinin konseptual modelləri işlənilir.

A. Ələkbərov bildirib ki, XX əsrin 90-cı illərindən başlayaraq su ilə əlaqədar beynəlxalq təşkilatların konvensiyalarının, direktiv sənədlərin əsasını su ehtiyatlarından ətraf mühitə ziyan vurmadan ədalətli istifadənin təmin edilməsi prinsipi təşkil edir. Beynəlxalq təşkilatlar və elm mərkəzləri, dünyanın əksər ölkələri bu prinsipin həyata keçirilməsinin su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi (SEİİ) nəticəsində mümkün olacağı qənaətindədirlər. Ərazisinin böyük hissəsi transsərhəd Kür və Araz çaylarının hövzəsində yerləşən Azərbaycan üçün su ehtiyatlarının qorunması, problemlərin həll edilməsi, SEİİ-yə nail olunması mühüm əhəmiyyət kəsb edir.

Qeyd olunanları nəzərə alaraq AMEA Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib. AMEA Geologiya və Geofizika və Coğrafiya institutlarına aidiyyəti təşkilatlarla birlikdə su hövzələrinin konseptual modellərinin işlənilməsi, ehtiyatların qidalanma mənbələrinin qiymətləndirilməsi ilə əlaqədar elmi-tədqiqat proqramlarının hazırlanması və icra edilməsi tapşırılıb. Həmçinin Azərbaycan Dövlət Tibb Universitetinə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə müxtəlif tərkibli suların insan orqanizminə təsirinin müəyyənləşdirilməsi istiqamətində elmi-praktik tədqiqatların intensivləşdirilməsi tövsiyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR