Gəncədə sahibkarlıqla məşğul olmaq istəyənlərin müraciətləri qəbul edilir

Gəncədə sahibkarlıqla məşğul olmaq istəyənlərin müraciətləri qəbul edilir
# 14 yanvar 2016 16:31 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. “Gəncədə sahibkarlıqla məşğul olmaq istəyənlər üçün hər cür şərait yaradılır”.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bunu Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev bildirib.

Onun sözlərinə görə, ölkə rəhbərinin tapşırığına əsasən sahibkarlıqla məşğul olanların layihələri qəbul olunacaq və kreditlərin ayrılması üçün İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət ediləcək.

“Dövlət tərəfindən kreditlərin ayrılmasında heç bir problem yoxdur. Sahibkarlıqla məşğul olmaq istəyənlərin müraciəti biznes planlarla birgə İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim olunacaq. Biz həmin sahibkarları səlahiyyətimiz çərçivəsində torpaqla təmin edərik. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu da kredit verərək istənilən köməyi etməyə hazırdır. İstənilən vətəndaş üçün bu imtiyaz hazır vəziyyətdədir”.

E. Vəliyev bildirib ki, bu il Gəncədə sosial layihələrin həyata keçirilməsi davam edəcək. Bəzi küçələrdə asfaltlanma işlərinin həyata keçiriləcəyini deyən icra başçısı 15 yerdə tikinti işlərinin aparılacağını, 6 məktəb və 8 uşaq bağçasında isə təmir işlərinin davam edəcəyini deyib.

Bundan başqa E. Vəliyev şəhərdə bir neçə zavodun tikiləcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR