Azərbaycanda saxlanılan “nurçular"ın şikayətinə baxılıb

Azərbaycanda saxlanılan “nurçular"ın şikayətinə baxılıb
# 22 sentyabr 2016 16:27 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Ali Məhkəmədə Azərbaycanda 2013-cü ildə saxlanılmış "nurçular”ın kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Vəkil Əsabəli Mustafayevin APA-ya verdiyi xəbərə görə, məhkəmə şikayəti təmin etməyib.

Kassasiya şikayətində onların barəsində bəraət hökmünün çıxarılması istənilmişdi.

Qeyd edək ki, 2013-cü ilin aprelin Bakıda evdə toplantı keçirən 41 “nurçu” saxlanılıb. Onların toplaşdığı mənzildən qanunla qadağan olunmuş dini ədəbiyyat, “nurçuluğu” təbliğ edən audio və video materiallar müsadirə olunub. Yasamal rayon Məhkəməsinin hökmü ilə həmin iş üzrə Eldəniz Hacıyev, İsmayıl Məmmədov, onun qardaşı Zəkəriyyə Məmmədov, Şahin Həsənovun hər biri 5 il, Rəvan Fərzəliyev isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Onların hər biri məhkəmə zalında həbs edilib.

Adı çəkilən şəxslər Cinayət Məcəlləsinin 168.2-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddəsi ilə ittiham olunub. Bakı Apellyasiya Məhkəməsi isə İsmayıl Məmmədov və Eldəniz Hacıyevin cəzasını 2 il 6 aya endirib, digər üç nəfər məhkəmə zalından azadlığa buraxılıb. Onların cəzaları şərti hesab edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR