Polşanın nüfuzlu qəzetində tanınmış səyyahın Azərbaycan haqqında məqaləsi yer alıb

Polşanın nüfuzlu qəzetində tanınmış səyyahın Azərbaycan haqqında məqaləsi yer alıb
# 16 iyun 2017 15:56 (UTC +04:00)

Polşanın nüfuzlu mətbuat orqanlarından biri olan “Rzeczpospolita” qəzetində polşalı səyyah, tədqiqatçı, jurnalist və yazıçı Yatsek Palkeviçin Azərbaycan haqqında geniş məqaləsi yer alıb.

APA-nın məlumatına görə, iyunun əvvəlində Azərbaycana səfər etmiş Y. Palkeviç ölkəmizlə bağlı təəssüratlarını polşalı oxucularla bölüşüb.

Məqalədə Azərbaycanı müxtəlif mədəni və tarixi aspektlərdən təqdim edən Y. Palkeviç Bakıya heyran olduğunu bildirib, Azərbaycan paytaxtını “Şərqin Parisi” adlandırıb.

“Təsiredici şüşə göydələnlər şəhərin nüfuzunu artıraraq Bakının landşaftına uyğunlaşır. Özünəməxsusluğu ilə seçilən bina məni valeh etdi. Heydər Əliyevin şərəfinə ucaldılmış Azərbaycan Mədəniyyət Mərkəzinin strukturunun yumşaq xətləri binanın daim hərəkətdə olması təəssüratını yaradır. Səfərdən əvvəl internetdə baxdığım çoxsaylı foto-şəkillər mənə heç lazım belə olmadı, çünki şəkillər bu müasir memarlığın mirvarisinin gücünü əks etdirmir”, - deyə məqalədə vurğulanıb.

Gecə saatlarında şəhərin çox füsunkar olduğunu bildirən müəllif neft sənayesində şəhərin əzəmətinin yeni simvolu olan “Flame Towers”in əksinin Xəzər dənizi üzərində görüntüsünə valeh olduğunu qeyd edib.

Azərbaycanda mədəni və tarixi layihələrə investisiyaların yatırıldığını, turizmin inkişafı yolunda ciddi addımların atıldığını deyən Y. Palkeviç iqtisadiyyatın neft sənayesindən asılılığını azaltmaq məqsədilə son illərdə qeyri-neft sənayesinin inkişafına xüsusi diqqət göstərildiyini, kənd təsərrüfatı və yeni texnologiyalara investisiyaların artdığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR