Prezident İlham Əliyev: “Gələcəyə baxışlarımız çox nikbindir”

Prezident İlham Əliyev: “Gələcəyə baxışlarımız çox nikbindir”
# 15 noyabr 2014 21:36 (UTC +04:00)

Bakı-APA. “Dünyada maliyyə və iqtisadi böhran davam edir. İnvestisiya qoyuluşu böyük dərəcədə aşağı düşüb. Bəzi ölkələrdə maliyyə böhranı kəskinləşir. Neft-qaz ilə zəngin olan ölkələr də yəqin ki, neftin qiymətinin kəskin şəkildə düşməsindən narahatdırlar, bu da təbiidir”. APA-nın verdiyi xəbərə görə, bunu noyabrın 15-də Şəmkirdə su elektrik stansiyası ilə birgə Şəmkirçay su anbarının açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, buna baxmayaraq, Azərbaycan böyük infrastruktur, investisiya layihələrini icra edir: “Nə üçün? Çünki bizim xalqımıza, dövlətimizə lazımdır. Dövlətimiz daha da güclü olmalıdır. İqtisadiyyat daha da çoxşaxəli olmalıdır. Neft-qaz amilindən asılılıq daha da azalmalıdır. Biz bu layihələrin icrası ilə bir daha göstəririk ki, ancaq müstəqillik dövründə Azərbaycan sürətlə inkişaf edə bilər. İki yüz ilə yaxındır ki, Azərbaycan nefti dünyada tanınır. Hasilatın əvvəlində dünya üzrə neftin bəlkə də 70 faizi Azərbaycanın payına düşürdü. İkinci Dünya müharibəsi zamanı Azərbaycan nefti sovet enerji potensialının 70-80 faizini təşkil edirdi”.

“Ancaq Azərbaycan müstəqilliyə qovuşanda bizim vəziyyətimiz necə idi?! Neft sənayesi dağılmış vəziyyətdə idi. Köhnə yataqlarda iş getmirdi. Hər tərəf ekoloji fəlakətə bənzəyirdi. Bakının ətrafını yada salaq. Bibiheybət mədənləri bir ekoloji fəlakət idi. Qaraşəhər, Böyükşor gölü, digər Balaxanı mədənləri nə gündə idi?! Yəni, bizə, müstəqil dövlətə bu qaldı. Neftin hasilatı kəskin şəkildə aşağı düşmüşdü. Biz özümüzü təbii qazla təmin edə bilmirdik. Baxmayaraq ki, sovet vaxtında Azərbaycandan təbii qaz həm Ermənistana, həm Gürcüstana ötürülürdü, biz isə təbii qazı xaricdən almağa başlamışdıq. Bu idi müstəqilliyimizin əvvəlində müşahidə olunan mənzərə. Ona görə bir daha demək istəyirəm ki, biz buna ancaq müstəqillik dövründə nail ola bilmişik. Çünki bizim taleyimiz öz əlimizdədir”, deyə prezident qeyd edib.

Dövlət başçısı Azərbaycan xalqının söz sahibi olduğunu bildirərək, Azərbaycanın xalqın iradəsi ilə idarə olunduğunu qeyd edib: “Azərbaycan dövləti lazım olan belə nəhəng layihələri xalqımız, dövlətimiz üçün icra edir və bundan sonra da edəcək. Çünki biz güclü dövlətik. Biz son illərdə iqtisadi və siyasi islahatlar nəticəsində dünya miqyasında böyük hörmət qazanmışıq. Davos İqtisadi Forumunun hesablamalarına görə biz rəqabətqabiliyyətlilik üzrə dünya miqyasında 38-ci yerdəyik. Biz beynəlxalq nüfuz qazanmışıq və iki il dünyanın ən mötəbər qurumu – BMT Təhlükəsizlik Şurasının üzvü kimi fəaliyyət göstərmişik və prinsipial ədalətə, beynəlxalq hüquqa söykənən mövqeyimizi orada ifadə etmişik. Budur müstəqilliyin nəticələri və Azərbaycan xalqı bunu görür, bilir, qiymətləndirir”.

“Biz xalq üçün, dövlətimizin möhkəmləndirilməsi üçün çalışırıq və bundan sonra da çalışacağıq. Əminəm ki, gələcəkdə belə böyük layihələrin sayı artacaq. Bizim böyük planlarımız var. Gələcəyə baxışlarımız çox nikbindir. Azərbaycanın inamlı, sürətli inkişafı davam edəcək və biz bütün məqsədlərə çatacağıq”, deyə prezident İlham Əliyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR