Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri Buxara şəhərində “Poyi-Kalon” kompleksi ilə tanış olublar.
Bu barədə APA-nın Özbəkistana ezam olunmuş əməkdaşı xəbər verir.
Bu kompleksin adı “Böyüyün ətəyində” mənasını verir. Onun əsas abidələrindən biri olan Kalon minarəsi 1127-ci ildə inşa olunub.
Kalon məscidi Buxaranın ən böyük məscididir. XVI əsrdə inşa olunan məsciddə eyni anda 12 min insanın ibadət etməsi mümkündür.
Kompleksdəki Mir-i Ərəb mədrəsəsi dini təhsil müəssisəsidir. Mədrəsə XVI əsrdə Abdullah Yəməni - Mir-i Ərəb tərəfindən inşa etdirilib.