Bank Of Baku

Ekspert: Bakı–Daşkənd əməkdaşlığı yeni siyasi və geoiqtisadi məkan formalaşdırır - RƏY

Roza Bayramlı, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin baş məsləhətçisi, Mərkəzi Asiya regionu, nəqliyyat-logistika məsələləri və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq üzrə ekspert

© APA | Roza Bayramlı, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin baş məsləhətçisi, Mərkəzi Asiya regionu, nəqliyyat-logistika məsələləri və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq üzrə ekspert

# 24 avqust 2026 16:27 (UTC +04:00)

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərinin nəticələrini Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafında yeni mərhələ kimi qiymətləndirmək olar.

Bunu APA-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin baş məsləhətçisi, Mərkəzi Asiya regionu, nəqliyyat-logistika məsələləri və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq üzrə ekspert Roza Bayramlı bildirib.

O deyib ki, burada söhbət yalnız səfər zamanı imzalanmış sənədlərdən getmir: “Son illərdə ardıcıl şəkildə formalaşdırılan müttəfiqlik münasibətləri artıq daha möhkəm institusional və praktik əsaslar üzərində inkişaf edir. 2023-cü ildə Ali Dövlətlərarası Şuranın yaradılması, 2024-cü ildə Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması və bu dəfə Şuranın artıq üçüncü iclasının keçirilməsi göstərir ki, iki ölkə arasında siyasi dialoq davamlı mexanizmə çevrilib.

Səfərin ən mühüm siyasi nəticəsi, şübhəsiz ki, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında Əbədi dostluq haqqında Müqavilənin imzalanmasıdır. Mən bu sənədi mövcud müttəfiqliyin əvəzlənməsi deyil, onun uzunmüddətli siyasi-hüquqi əsaslarının daha da möhkəmləndirilməsi kimi qiymətləndirərdim. Suverenliyə, təhlükəsizliyə və ərazi bütövlüyünə hörmət, tərəflərin ərazilərinin üçüncü dövlətlər tərəfindən digər tərəfə qarşı istifadə edilməsinə yol verilməməsi kimi müddəalar qarşılıqlı etimadın yüksək səviyyəsini göstərir.

Eyni zamanda, Müqavilə ticarət və investisiyalardan enerji, nəqliyyat-logistika, rəqəmsallaşma və “yaşıl iqtisadiyyat”a, elm, təhsil və mədəniyyətə qədər çox geniş əməkdaşlıq gündəliyini əhatə edir. Yəni siyasi müttəfiqlik həm təhlükəsizlik, həm iqtisadi, həm də humanitar istiqamətlər üzrə uzunmüddətli çərçivəyə salınır.

Səfərin digər mühüm xüsusiyyəti odur ki, qəbul edilən qərarlar konkret layihələrlə müşayiət olunur. Daşkənddə ABB-nin iştirakı ilə “Davr Bank”, “Matanat-A”nın gips zavodu və “Landau” STEAM məktəbləri layihələrinin açılışı keçirilib. SOCAR-ın beş yeni yanacaqdoldurma məntəqəsinin, “Sea Breeze Uzbekistan” və “Baku City” komplekslərinin, gümüş tərkibli filizin emalı müəssisəsinin və meyvə bağlarının təməli qoyulub. Bütün bunlar göstərir ki, əməkdaşlıq artıq yalnız dövlətlərarası sazişlər və ticarət göstəriciləri ilə məhdudlaşmır. Azərbaycan şirkətlərinin Özbəkistan iqtisadiyyatında birbaşa və uzunmüddətli iştirakı genişlənir”.

Roza Bayramlının sözlərinə görə, bu dinamika əvvəlki illərdə yaradılmış iqtisadi bazanın davamıdır: “2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi üç dəfədən çox artaraq 795 milyon dollara çatıb, Azərbaycanda 130-dan çox Özbəkistan şirkəti fəaliyyət göstərir. Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti də artıq ikitərəfli əməkdaşlığın mühüm maliyyə mexanizmlərindən birinə çevrilib. Başqa sözlə, münasibətlər klassik idxal-ixrac modelindən birgə istehsala, qarşılıqlı investisiyalara və ortaq aktivlərin yaradılmasına doğru keçir. Bu isə siyasi müttəfiqliyin iqtisadi dayanıqlığını əhəmiyyətli dərəcədə artırır”.

Ekspert vurğulayıb ki, nəqliyyat-tranzit sahəsində əldə olunan razılaşmalar da xüsusi əhəmiyyət daşıyır: “Tərəflər Trans-Xəzər marşrutunun potensialının birgə inkişaf etdirilməsi, logistika infrastrukturunun səmərəliliyinin artırılması və Xəzər dənizində birgə donanmanın yaradılması istiqamətində işlərin fəallaşdırılması barədə razılığa gəliblər. 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında tranzit daşımaların 1,4 milyon tona çatması göstərir ki, burada artıq yalnız gələcək perspektivdən deyil, mövcud və sürətlə böyüyən yük bazasından danışırıq. Yeni razılaşmalar bu əməkdaşlığı Orta Dəhlizin daha geniş inkişaf gündəliyi ilə birləşdirir”.

Roza Bayramlının fikrincə, səfərin humanitar ölçüsü də az əhəmiyyət daşımır: “Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni binasının açılması, Yeni Daşkənddə “Azərbaycan” parkının təməlinin qoyulması, regionlar və şəhərlər arasında qardaşlaşma əlaqələrinin genişləndirilməsi göstərir ki, dövlətlərarası müttəfiqlik paralel olaraq xalqlar və cəmiyyətlər səviyyəsində də möhkəmləndirilir.

Nəhayət, səfərin nəticələrinə daha geniş regional proseslər kontekstində baxmaq lazımdır. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərinə tamhüquqlu qoşulması ilə C5 formatının faktiki olaraq C6-ya çevrilməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşməsi və Orta Dəhlizin artan əhəmiyyəti fonunda Bakı–Daşkənd müttəfiqliyi artıq yalnız ikitərəfli münasibətlər çərçivəsində qiymətləndirilə bilməz.

Bu əməkdaşlıq Azərbaycanla Mərkəzi Asiya arasında formalaşan vahid siyasi və geoiqtisadi məkanın əsas dayaqlarından birinə çevrilir. Bu baxımdan Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərinin nəticələri həm mövcud müttəfiqliyi möhkəmləndirir, həm də onun regional əhəmiyyətini daha da artırır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR