“Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası” təsdiq olunub.
APA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, bu Qayda “Azərbaycan Respublikasında hava limanlarının (aeroportların) idarə edilməsi ilə bağlı əsas prinsipləri və tələbləri müəyyən edir. Bu Qaydanın müddəaları mülki hava limanlarına şamil edilir.
Qaydaya əsasən, hava limanlarının idarə edilməsi aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
təhlükəsizliyin təmin edilməsi; müştəri məmnunluğu; iqtisadi səmərəlilik və dayanıqlı inkişaf; xidmətlərin əlçatanlığı; ətraf mühitin mühafizəsi; rəqabət mühitinin təmin olunması; özəl sektorun iştirakının təşviqi.
Mülki hava limanlarının idarə edilməsində tənzimləyici qurumun səlahiyyətlərini Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi həyata keçirir.
Hava limanlarının idarə edilməsi üzrə tənzimləyici qurumun vəzifələri aşağıdakılardır:
hava limanlarının və (və ya) aerodromların, həmçinin yerüstü xidmət təminatçılarının sertifikatlaşdırılması; uçuşların təhlükəsizliyinin, aviasiya təhlükəsizliyinin, həmçinin hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinin təmin olunması və idarə edilməsi sahələrini tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi
aktlarının, “Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiya və onun əlavələri ilə müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının (bundan sonra – BMAT) beynəlxalq standartlarının və tövsiyə olunan təcrübəsinin, Ümumdünya Gömrük Təşkilatının normalarının və standartlarının tətbiqi məqsədilə müvafiq sənədlərin hazırlanması və təsdiqi; hava limanı istismarçılarının fəaliyyətinə nəzarətin və müfəttiş yoxlamalarının təşkili; hava limanlarının idarə edilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə xarici dövlətlərin və beynəlxalq təşkilatların aidiyyəti orqanları (qurumları) ilə əməkdaşlıq edilməsi; fəaliyyət istiqamətlərinə uyğun olaraq, hava limanlarının idarə edilməsi ilə bağlı normativ hüquqi aktların icrasına nəzarətin həyata keçirilməsi.
Hava limanının idarə edilməsi sahəsində hava limanı istismarçısının əsas vəzifələri aşağıdakılardır:
uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində normativ hüquqi aktlarda, BMAT-ın beynəlxalq standartlarında və tövsiyə olunan təcrübəsində, Ümumdünya Gömrük Təşkilatının normalarında və standartlarında, Azərbaycan Respublikasının mülki aviasiya sahəsində tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi;
sərnişinlərə və daşıyıcılara yüksəkkeyfiyyətli xidmətlər göstərilməsi; maddi-texniki bazanın və infrastrukturun qorunması və inkişaf etdirilməsi; işçilərin ixtisas səviyyəsinin yüksəldilməsi; aviasiya fəaliyyətinin ətraf mühitə təsirinin minimuma endirilməsi; risklərin və təcili müdaxilə tələb edən vəziyyətlərin (təbii fəlakət, texnogen qəza (yanğın, partlayış), texniki nasazlıq, kiberhücum, epidemiya və ya pandemiyalar) idarə edilməsi; Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, digər vəzifələrin həyata keçirilməsi.
Hava limanlarının idarə edilməsi formaları onların mülkiyyət növü nəzərə alınmaqla təşkil olunur.
Dövlət mülkiyyətində, bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan mülki hava limanlarının idarə edilməsi və infrastrukturunun inkişafı hava limanının istismarçısı tərəfindən Qanunun və bu Qaydanın tələblərinə uyğun olaraq həyata keçirilir.
Dövlət mülkiyyətində olan mülki hava limanlarının idarə edilməsi xüsusiyyətləri aşağıdakılardır:
infrastrukturun dövlətin mülkiyyətində olması; idarəetmənin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəhbərlərinin təsdiq etdiyi texnoloji sxemə əsasən həyata keçirilməsinin təşkili; ictimai iaşə xidmətlərinin göstərilməsi; təsis sənədində nəzərdə tutulduğu halda hava limanı istismarçısının sahibkarlıq fəaliyyəti ilə məşğul olması.
Dövlət mülkiyyətində olan mülki hava limanları Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və ya dövlət-özəl tərəfdaşlığı layihəsi çərçivəsində “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa və həmin Qanundan irəli gələn digər normativ hüquqi aktlara uyğun olaraq özəl tərəfdaşa (sahibkarlıq subyektinə) idarəetməyə verilə bilər.
Hava limanlarının tikintisi və yenidən qurulması dövlət büdcəsinin vəsaiti, hava limanı istismarçısının vəsaiti, kredit və qrantlar, fiziki və hüquqi şəxslərin ianələri, eləcə də qanunda nəzərdə tutulan digər mənbələr hesabına həyata keçirilə bilər.
Hava limanlarında investisiya fəaliyyəti “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
Beynəlxalq hava limanlarında fəaliyyət sərnişin, baqaj, yük və ya poçt göndərişlərinin beynəlxalq daşınmalarının həyata keçirilməsini, habelə təcili və təxirəsalınmaz tibbi yardım, xilasetmə, yanğınsöndürmə və fövqəladə hallarla əlaqədar işlərin yerinə yetirilməsini əhatə edir.
Beynəlxalq hava limanları aşağıdakı tələblərə cavab verməlidir:
BMAT-ın beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə, o cümlədən Azərbaycan Respublikasının mülki aviasiya sahəsində tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə uyğun olmalıdır;
Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələri fəaliyyət göstərməlidir; beynəlxalq hava daşımalarının yerinə yetirilməsi üçün nəzərdə tutulmuş sərnişin və (və ya) yük terminalları olmalı, yerüstü xidmət təşkil edilməlidir; hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair proqrama malik olmalıdır. Yerli hava limanlarında fəaliyyət sərnişin, baqaj, yük və ya poçt göndərişlərinin daxili daşınmalarının həyata keçirilməsini, habelə təcili və təxirəsalınmaz tibbi yardım, xilasetmə, yanğınsöndürmə və fövqəladə hallarla əlaqədar işlərin yerinə yetirilməsini əhatə edir.
Yerli hava limanlarında daxili hava daşımalarının yerinə yetirilməsi üçün nəzərdə tutulmuş sərnişin və (və ya) yük terminalları olmalı, yerüstü xidmət təşkil edilməli, eləcə də həmin hava limanları hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair proqrama malik olmalıdır.
Hava limanlarında hava gəmilərinin hərəkətinin bilavasitə təmin edilməsi, sərnişin, baqaj, yük və ya poçt göndərişlərinin daşınması üçün mülki aviasiya subyektləri tərəfindən aviasiya fəaliyyəti həyata keçirilir.
Aviasiya fəaliyyətinə aşağıdakılar daxildir:
ümumi və xüsusi xarakterli aviasiya fəaliyyəti; kommersiya hava daşımaları;
Yuxarıda qeyd edilən fəaliyyətlər üzrə aşağıdakı xidmətlər:
enmə (qalxma), hava gəmisinin parklanması və texniki enmə (qalxma) zamanı təhlükəsizliyin təmini xidmətləri; yerüstü xidmət; hava gəmilərinin Azərbaycan Respublikasının ərazisində yerləşən hava limanına enməsi və ya qalxması üçün həyata keçirilən aeronaviqasiya xidmətləri; hava limanlarının terminallarından istifadə üzrə sərnişin xidmətləri, o cümlədən sərnişinlərin və baqajın təhlükəsizliyinin yoxlanılması.
Qeyri-aviasiya fəaliyyətinə aşağıdakılar daxildir:
ticarət və pərakəndə satış xidmətləri (mağazalar, o cümlədən beynəlxalq hava limanının gömrük nəzarəti zonasında yaradılan rüsumsuz ticarət mağazaları); iaşə xidmətləri (restoran və kafelər, qida köşkləri); avtomobil parkı və nəqliyyat xidmətləri (ödənişli dayanacaqlar, taksi və transfer xidmətləri); icarə xidmətləri (turizm agentlikləri, bank filialları və s. üçün sahələrin icarəsi); digər xidmətlər (hava limanında yerləşən otellər, işgüzar səfərlər üçün konfrans və görüş otaqları və s.).