Bank Of Baku

Prezident: Cənubi Qafqaz son illərdə köklü şəkildə dəyişib, dəyişikliklərin dönüş nöqtəsi İkinci Qarabağ müharibəsi oldu

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 13 iyul 2026 11:05 (UTC +04:00)

“Cənubi Qafqaz son illərdə köklü şəkildə dəyişib, yeni güc mərkəzləri formalaşıb”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda rusiyalı jurnalistin Cənubi Qafqazda rolu barədə sualını cavablandırarkən bildirib.

“Rusiyanın Cənubi Qafqazdakı roluna gəlincə, bu barədə danışmaq mənim üçün bir qədər çətindir. Çünki hesab edirəm ki, bu konsepsiya ilk növbədə Rusiyanın özündə formalaşdırılmalıdır. Əgər hələ tam formalaşmayıbsa, bunu etmək vacibdir. Çünki Cənubi Qafqaz son illərdə köklü şəkildə dəyişib. Məncə, bu dəyişikliklərin əsas dönüş nöqtəsi İkinci Qarabağ müharibəsi oldu. Həmin müharibə uzun illər dəyişməz hesab olunan bir çox geosiyasi yanaşmaları tamamilə dəyişdirdi. Daha sonra Azərbaycanın suverenliyinin tam bərpası, Ermənistanın Avropaya inteqrasiya istiqamətində addımları və bununla bağlı digər proseslər regionun tamamilə yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Mən hesab edirəm ki, bu vəziyyət həm analitiklər, həm də siyasətçilər üçün Cənubi Qafqaz barədə yanaşmaların yenidən nəzərdən keçirilməsini zəruri edir. Regionla daimi təmas və burada baş verən proseslərin yaxından izlənilməsi olmadan bunu etmək mümkün deyil. Çünki Cənubi Qafqaza dair köhnə metodologiyalar artıq tamamilə köhnəlib. Bu gün region beş il əvvəlkindən tamamilə fərqlidir. Yeni güc mərkəzləri formalaşıb. Yeni və müxtəlif istiqamətlərdə inkişaf edən siyasi kurslar meydana çıxıb. Bəlkə də bu tendensiyalar indi əvvəlkindən daha aydın görünür. Lakin regionla yaxından məşğul olanlar bunları əvvəldən də müşahidə edirdilər. Ona görə də istənilən xarici oyunçu üçün Cənubi Qafqazla münasibətlər qurmaq kifayət qədər mürəkkəb vəzifədir. Çünki region nə siyasi, nə iqtisadi, nə də nəqliyyat baxımından vahid məkan deyil. Biz hələ bu prosesin başlanğıc mərhələsindəyik. Mən eyni fikirləri avropalı tərəfdaşlarıma da çatdırmışam. Qərbin Ermənistana münasibətdə açıq şəkildə birtərəfli yanaşmasını görəndə bu, bizdə suallar doğururdu. Axı biz regionun coğrafiyasını, iqtisadi potensialını və digər reallıqları yaxşı bilirik. Öz imkanlarımızı da yaxşı qiymətləndiririk. Ermənistanın regionun əsas nəqliyyat qovşağı kimi təqdim olunması isə ciddi suallar yaradırdı. Tranzit ölkəsi təcrübəsi olmayan bir dövlət birdən-birə regionun əsas nəqliyyat mərkəzi elan edilirdi. Halbuki ortada hansı tranzitdən söhbət getdiyi belə aydın deyildi. Bu, siyasi məqsədlərlə yaradılmış açıq balanssızlıq idi. Belə yanaşmalardan hamı imtina etməlidir. Cənubi Qafqaza geosiyasi rəqabət meydanı kimi baxmaq düzgün deyil. Heç olmasa, Azərbaycan buna imkan vermədi. Biz xarici qüvvələrin bizi geosiyasi oyunlara cəlb etməsinə imkan vermədik. Heç kim Azərbaycanın başqa dövlətlərə qarşı alət kimi istifadə olunmasına nail ola bilmədi. İndi hesab edirəm ki, eyni yanaşmanı qonşularımız da tətbiq etməlidirlər. Həm də bunu sözlə deyil, əməli şəkildə göstərməlidirlər. Regionda sülh və əməkdaşlıq istəyən bütün tərəflər Cənubi Qafqazın hər bir ölkəsi ilə ayrıca və balanslı əməkdaşlıq formatı qurmalıdırlar. Azərbaycanla Ermənistan arasında normallaşma prosesi başa çatdıqdan, birbaşa nəqliyyat əlaqələri – Zəngəzur dəhlizi və ya digər marşrutlar vasitəsilə açıldıqdan sonra, həmçinin region siyasi baxımdan üçtərəfli əməkdaşlığa hazır olduqda vəziyyət tamamilə fərqli olacaq. Hazırda isə belə mərhələdə deyilik. Ona görə də hər bir ölkənin iqtisadi, siyasi, hərbi, demoqrafik və digər potensialının obyektiv qiymətləndirilməsi vacibdir. Bu, düzgün prioritetlərin müəyyən edilməsinə imkan verəcək və sonradan yanlış seçimlərə görə peşmançılıq yaşanmayacaq. Ən əsası isə regionla əməkdaşlıq etmək istəyən hər kəs ilk növbədə Cənubi Qafqazı sülh, əməkdaşlıq və mümkün qədər geosiyasi rəqabətdən uzaq bir məkan kimi görməlidir. Əlbəttə, dünyada tamamilə geosiyasi təsirlərdən azad region yoxdur. ”, - deyə dövlət başçısı qeyd edib.

Azərbaycan Prezidenti Rusiya, İran, Türkiyə, Ermənistan, Azərbaycan və Gürcüstanla bağlı regional format təşəbbüsünə da toxunub: “Həmin əməkdaşlıq formatına gəlincə, onu ilk dəfə məhz biz irəli sürmüşdük. Biz hesab edirdik ki, regionun taleyi ilə bağlı məsələləri ilk növbədə region ölkələri həll etməlidirlər. Düzünü desəm, çoxdan idi ki, heç kim bu mövzuya qayıtmırdı. Biz bu təşəbbüsü postmünaqişə dövründə irəli sürmüşdük. O zaman məqsəd tam nizamlanmaya və Azərbaycanın suverenliyinin tam bərpasına nail olmaq idi. Həmin dövrdə Qarabağın bir hissəsi hələ də işğal altında idi. Hadisələr inkişaf etdikcə və regiondan kənar dövlətlərlə münasibətlər dəyişdikcə, bizim həmin əməkdaşlıq formatına baxışımız da dəyişdi. Bu gün hesab edirik ki, söhbət tamhüquqlu altıtərəfli və ya ən azı beştərəfli əməkdaşlıqdan getməlidir. Üstəlik, bu əməkdaşlığın dəqiq müəyyən edilmiş gündəliyi olmalıdır. Bu format yeni bir Minsk qrupu kimi fəaliyyət göstərməməli, yalnız Azərbaycan və Ermənistan məsələləri ilə məşğul olmamalıdır. Burada bütün regionun problemləri müzakirə edilməlidir. Rusiya, İran, Türkiyə, Ermənistan və Azərbaycan bərabərhüquqlu iştirakçılar kimi çıxış etməlidirlər. Hazırda məhz bu konsepsiyanı əsas yanaşma hesab edirik. Əgər digər paytaxtlarda da bu yanaşma bölüşülərsə, hesab edirəm ki, ən azı xarici işlər nazirləri səviyyəsində beştərəfli görüşün keçirilməsinə ehtiyac yaranacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR