Ombudsmanın nümayəndələri cəzaçəkmə müəssisələrinə başçəkmələr həyata keçiriblər

Ombudsmanın nümayəndələri cəzaçəkmə müəssisələrinə başçəkmələr həyata keçiriblər
# 29 sentyabr 2015 11:56 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 və 16 saylı cəzaçəkmə müəssisələrinə (CM) əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmələr həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, MPQ-nin həkim üzvü də başçəkmələrdə iştirak edib.

Başçəkmələrdə məqsəd saxlanılma şəraitinin və rəftarın, habelə daxil olmuş müraciətlərin araşdırılması, məhkumların hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

MPQ üzvləri tərəfindən həmin müəssisələrdə 70-dən çox məhkum fərdi qaydada dinlənilib, habelə bir sıra şəxslər öz xahişləri ilə təkbətək qəbul edilib, söhbətlər aparılıb və bəzi müraciətlər yerində araşdırılıb.

Qəbul edilmiş şəxslər şəraitdən və müəssisə əməkdaşlarının rəftarından narazılıq etməyib, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilib, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib.


Müəssisələrin yataqxanalarına, tibb-sanitar hissələrinə, karantin otaqlarına, cərimə təcridxanalarına, görüş yerlərinə və digər obyektlərə baxışlar zamanı saxlanılma şəraiti, tibbi yardım, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb, təmir işlərinin aparılması müsbət qiymətləndirilib.


Başçəkmələr çərçivəsində həmin müəssisələrin rəhbərliyinə milli və beynəlxalq qanunvericiliyə, o cümlədən CÇM-nin daxili intizam Qaydalarına müvafiq şəkildə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR