Bakıda 9-cu Azərbaycan Beynəlxalq Təhsil və 9-cu Azərbaycan Beynəlxalq Karyera sərgiləri açılıb

Bakıda 9-cu Azərbaycan Beynəlxalq Təhsil və 9-cu Azərbaycan Beynəlxalq Karyera sərgiləri açılıb
# 09 oktyabr 2015 09:24 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün 9-cu Azərbaycan Beynəlxalq Təhsil və 9-cu Azərbaycan Beynəlxalq Karyera sərgilərinin açılış mərasimi keçirilib.

APA-nın xəbərinə görə, açılış mərasimində təhsil nazirinin müavini Ceyhun Bayramov, xarici ölkələrin Azərbaycandakı səfirləri və başqa şəxslər iştirak edib.

C. Bayramov çıxışında bildirib ki, ənənəvi xarakter alan sərgilərə ildən-ilə maraq artır. O vurğulayıb ki, sərgilər tərkibinə görə Azərbaycanda təhsil xidmətləri üzrə ən böyük tədbirdir: “Bu il “Təhsil” sərgisində Azərbaycan, Rusiya, Latviya, Litva, Niderland Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Polşa, ABŞ, Türkiyə, Qazaxıstan, İsveçrə, Macarıstan və digər ölkələrin 130-dan çox ali təhsil müəssisəsi, kollec və başqa təhsil təşkilatlarının nümayəndələri sərgi ziyarətçilərini təhsil proqramları ilə tanış edəcək”.

Qeyd edək ki, sərgidə azərbaycanlı tələbələr üçün xaricdə təhsil imkanları barədə məlumatlar Latviya, Litva, Polşa, Türkiyə və ABŞ-ın milli stendlərində təqdim olunacaq. Latviya və ABŞ bu sərginin debütantıdır. Sərginin daha bir debütantı isə “Lüblində təhsil al” (“Study in Lublin”) təşkilatıdır. Təşkilat Lüblində (Polşa) ödənişli və şəhər təqaüdü əsasında təhsil imkanlarının geniş spektrini təqdim edir. Sərgidə ilk dəfə iştirak edəcək xarici ali təhsil müəssisələri arasında İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti, Kazan Milli Elmi-Tədqiqat Texnologiya Universiteti, Akademik S. P. Korolyov adına Samara Dövlət Aerokosmik Universiteti, Latviya Nəqliyyat və Rabitə İnstitutu, “MİSiS” Milli Elmi-Tədqiqat Texnologiya Universiteti, N. P. Oqarev adına Mordoviya Dövlət Milli Elmi-Tədqiqat Universiteti, Polşa Avroregional İqtisadiyyat Universiteti və digər təhsil müəssisələri yer alır.

Sərgidə Azərbaycan Texniki Universiteti, Azərbaycan Texnologiya Universiteti (Gəncə), Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Bakı Biznes Universiteti, Gəncə Dövlət Universiteti, “CELT Colleges”, “F-Group Academy” və ölkənin bir sıra digər təhsil müəssisələri də iştirak edir.

Sərgi oktyabrın 11-ə qədər davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR