Cəmşid Naxçıvanski adına Hərbi Liseydə məzunların buraxılışı olub

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə məzunların buraxılışı olub
# 08 iyun 2015 16:06 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. Bu gün Cəmşid Naxçıvanski adına Hərbi Liseydə məzunların 43-cü buraxılışı keçirilib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, tədbirdə Müdafiə Nazirliyinin və ali hərbi məktəblərin nümayəndələri, liseyin rəhbərliyi, kursantlar, təhsil ocağının keçmiş məzunları, müəllimlər, zabitlər, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Hərbi Liseyin rəisi, general-mayor Mirzə Almasov çıxışı zamanı 1971-ci ildə əsası Heydər Əliyev tərəfindən qoyulmuş C. Naxçıvanski adına liseyin Silahlı Qüvvələr üçün zabit kadrlarının hazırlanmasında əvəzsiz rolunu qeyd edib. O, Silahlı Qüvvələrin, eləcə də Hərbi liseyin Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu xüsusi vurğulayıb. Məktəb rəisi indiyədək liseyin məzunlarından 18 nəfərin ali hərbi rütbəyə yüksəldiyini də diqqətə çatdırıb.

Məzunlar adından danışan kursant Rəvan Şərifov isə hələ qarşıda onları ciddi sınaq gözlədiyini, aldıqları təhsilin hər zaman onların köməyinə çatacağını, doğma torpaqlarımızı erməni işğalçılarından azad etmək üçün savadlı, bacarıqlı bir zabit kimi yetişməyin vacib olduğunu bildirib. O, Vətən, dövlət, xalq qarşısında üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə və Hərbi Liseyin şərəfini hər zaman uca tutacaqlarına söz verib.

Liseyin müəllimi Laləzar Həsənova məzunlara uğurlar diləyərək onlara Vətənə layiqli zabit olmağı arzulayıb.

Kursant Nicat Kamilovun anası Nəsibə Şahıyeva övladının timsalında bütün məzunları təbrik edərək çətin, lakin şərəfli yolda onlara dözümlü, dəyanətli olmalarını tövsiyə edib.

Tədris və intizamda fərqlənən kursantlara, həmçinin digər məzunlara mərasimdə attestat, döş nişanları və məzun albomları təqdim olunub, yaş kötüyünə buraxılışın rəmzi xatirə lövhəsi vurulub, liseyin döyüş bayrağının təhvil-təslimi və “Naxçıvanskilər” marşı ifa olunub.

Kursantlar təntənəli marşla keçdikdən sonra hərbi liseyin döyüş bayrağı aparılıb və son zəng çalınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR