Azərbaycanda sahibkarlar üçün yeni onlayn xidmətlər təşkil olunacaq

Azərbaycanda sahibkarlar üçün yeni onlayn xidmətlər təşkil olunacaq
# 11 sentyabr 2020 11:04 (UTC +04:00)

Rəqəmsal Ticarət Qovşağı (RTQ) sahibkarlar üçün yeni onlayn xidmətlər təşkil edəcək.

İqtisadi İslahatların Təhlili Və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, bunu RTQ-ın rəhbəri Nicat Əsədli deyib.

Onun sözlərinə görə, sahibkarlar yaxın zamanda mənşə, fitosanitar, baytarlıq, qida təhlükəsizliyi sertifikatı və gömrük bəyannamələri də onlayn “vahid pəncərə”dən əldə edə biləcəklər.

“Yeni norma mühitində təqdim edilən xidmətlərin ən son texnoloji infrastrukturun üzərindən qurulması zəruridir, bu səbəblə RTQ-də qurulmuş sistem üçün “X-Road 6” və 7 texnologiyasından istifadə edilib. Estoniya, Finlandiya və Yaponiya kimi dövlətlər tərəfindən tətbiq edilən bu sistemdən istifadə gələcəkdə beynəlxalq əməkdaşlıqlar zamanı informasiya mübadiləsinin daha sürətli və səmərəli həyata keçirilməsinə dəstək olacaq”, - deyə N. Əsədli qeyd edib.

O, həmçinin əlavə edib ki, Azərbaycanda məhz RTQ-də bu qabaqlayıcı sistemlərin tətbiqi növbəti illərdə “smart nation” konsepsiyasına keçidə təkan verəcək, 4-cü Sənaye İnqilabı fonunda regionda eyni adlı mərkəzin ölkədə yaradılmasına dəstək olacaq.

“Beləliklə Rəqəmsal Ticarət Qovşağının həm yerli həm xarici biznes iştirakçıları, həm dövlət həm də özəl sektor nümayəndələri üçün təqdim etdiyi yeniliklər istifadəçilərin məmnunluğunu artırmaqla yanaşı pandemiya fonunda yaranan yeni normaya daha sürətli keçidə katalizator rolunu oynayacaq”, - deyə N. Əsədli əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR