“Lombardlar haqqında” və “Audiovizual yayım haqqında” qanun layihələrini Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarmağa hazırlaşırıq”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib. T. Mirkişili komitə tərəfindən bir çox qanun layihəsinə dəyişikliklərlə bağlı araşdırmalar aparıldığını da söyləyib.
Komitə sədri payız sessiyasında çoxsaylı dinləmələrin də keçiriləcəyini nəzərə çatdırıb: “Biz yaz sessiyasında da qanunların qəbulu ilə bağlı üçüncü tərəfləri, QHT, müstəqil ekspertlər və qanunun tətbiq olunduğu sahibkarlıq subyektlərini dəvət edərək onların iştirakı ilə fikir mübadiləsi apardıq və bu təcrübə kifayət qədər effektli oldu. Payız sessiyasında da qanun layihələri, bizə edilən müraciətlərlə bağlı daha çox dinləmələr keçirməyə çalışacağıq. Sahibkarlar bir çox hallarda onları narahat edən məsələlərlə bağlı məktublarla bizə müraciət edirlər. Həm sahibkarların, həm müvafiq hökumət orqanlarının, həm də bizim iştirakımızla ictimai dinləmələrin keçirilməsi ilə daha çox həqiqətlərin üzə çıxmasına çalışacağıq”.