Azərbaycan sahibkarlarından ibarət nümayəndə heyətinin Gürcüstanın Batumi şəhərinə səfəri çərçivəsində B2G və B2B formatında görüşlər təşkil olunub.
“Caspian Energy Club”dan “APA-Economics”ə verilən məlumata görə, B2G forumda Acarıstan Muxtar Respublikası Hökumətinin maliyyə və iqtisadiyyat naziri Caba Putkaradze iştirak edib. Forumda Azərbaycan sahibkarlarının Acarıstanda həyata keçirilən layihələrdə iştirak perspektivlərini müzakirə olunub.
Batumi şəhərinin meri Arçil Çikovaninin iştirakı ilə keçirilən ikinci B2G forumda isə iştirakçılarının təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.
Muxtar Respublikasının Turizm Departamentinin sədri Tina Zoidzenin iştirakı ilə təşkil olunan üçüncü B2G forumda Azərbaycanın turoperatorları ilə əməkdaşlıq məsələləri müzakirə olunub. Tina Zoidze Azərbaycan sahibkarlarının Acarıstan ərazisindəki, xüsusilə Batumidəki otel və əyləncə mərkəzlərinin tikintisinə böyük maraqlarının olduğunu vurğulayıb.
Səfər çərçivəsində acar biznesmenləri ilə təşkil olunan B2B forumda isə Ticarət-sənaye Palatasının sədri Georgi Romanadze tərəfindən Acarıstanın investisiya imkanlarının təqdimatı keçirilib. Forum çərçivəsində Acarıstanın Ticarət-sənaye Palatası ilə “Caspian Energy Club” arasında əməkdaşlıq memorandumu imzalanıb.