Paşha Bank
Bank Of Baku

Azərbaycanda rəqabət sahəsində tədqiqat mərkəzi yaradılacaq

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov

© APA | Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov

# 14 oktyabr 2026 10:41 (UTC +04:00)

Azərbaycanda rəqabət sahəsində tədqiqat mərkəzinin təsis edilməsi, bazarların diaqnostikası üzrə metodologiyanın təkmilləşdirilməsi və rəqabət siyasətinin ali təhsil proqramlarına inteqrasiyası nəzərdə tutulur.

"APA-Economics" xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Bakıda keçirilən III Milli Rəqabət Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu tədbirlər rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illər üzrə Milli Fəaliyyət Planında əksini tapıb.

E.Bağırov qeyd edib ki, rəqabət risklərinin qabaqcadan müəyyənləşdirilməsi və əsaslandırılmış siyasət qərarlarının hazırlanması effektiv hüquqi çərçivə ilə yanaşı, güclü elmi-analitik baza, peşəkar bilik və yüksək rəqabət mədəniyyəti tələb edir.

“Milli Fəaliyyət Planında rəqabət sahəsində tədqiqat mərkəzinin təsis edilməsi, bazarların diaqnostikası üzrə metodologiyanın təkmilləşdirilməsi, rəqabət siyasəti və rəqabət hüququ mövzularının ali təhsil proqramlarına inteqrasiyası nəzərdə tutulur”, – deyə Agentlik sədri bildirib.

Onun sözlərinə görə, elmi ictimaiyyətlə əməkdaşlığın gücləndirilməsi rəqabət siyasətinin keyfiyyətinə və mütəxəssis hazırlığına uzunmüddətli töhfə verəcək.

E.Bağırov əlavə edib ki, Agentliyin həyata keçirdiyi nəzarət tədbirlərinin əsas məqsədi rəqabəti məhdudlaşdıran davranışların qarşısını almaq və sağlam rəqabət mədəniyyəti formalaşdırmaqdır.

Bu baxımdan sahibkarların qanun pozuntularını könüllü aradan qaldırması, qanunvericiliyin tələblərinə əvvəlcədən uyğunlaşması və Agentliklə açıq dialoq aparması xüsusi əhəmiyyət daşıyır.

Agentlik sədri vurğulayıb ki, qarşıdakı dövrdə sahəvi tənzimləyicilər, aidiyyəti dövlət qurumları, elmi ictimaiyyət və biznes assosiasiyaları ilə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR