Azərbaycanda 2026-cı ildə 18 yerli müəssisə üçün rəqəmsal transformasiya üzrə yol xəritəsi hazırlanır.
"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Bakıda keçirilən III Milli Rəqabət Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu işlər Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin həyata keçirdiyi proqram çərçivəsində aparılır.
E.Əliyev qeyd edib ki, 2030-cu ilədək dövlət maliyyələşməsi hesabına əlavə müəssisələrin rəqəmsal hazırlığının qiymətləndirilməsi, rəqəmsal və yaşıl transformasiya üzrə fərdi yol xəritələrinin hazırlanması nəzərdə tutulur.
Nazir müavini bildirib ki, SOCAR-ın Karbamid Zavodunun bu il Dünya İqtisadi Forumunun “Global Lighthouse Network” şəbəkəsinə daxil edilməsi ölkədə sənaye müəssisələrinin texnoloji inkişaf imkanlarını göstərən nümunələrdən biridir.
Onun sözlərinə görə, əsas vəzifə bu təcrübənin daha geniş müəssisələr dairəsinə yayılmasına nail olmaqdır.
E.Əliyev həmçinin bildirib ki, Azərbaycanda dövlət-özəl tərəfdaşlığı çərçivəsində 2026–2027-ci illər üzrə ümumilikdə 9 layihə təsdiqlənib.
Bununla yanaşı, sentyabrda keçirilmiş II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan 23 investisiya sənədi imzalanıb. Bakı Enerji Həftəsində elan edilmiş layihələrlə birlikdə bu məbləğ 16,7 milyard dollara çatır.