Dövlət-özəl tərəfdaşlığı sahəsində dövlət siyasətinin məqsədləri açıqlanıb.
APA-nın xəbərinə görə, bu, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Dövlət-özəl tərəfdaşlığı sahəsində dövlət siyasətinin məqsədləri aşağıdakılardır:
- dövlət vəsaitlərindən istifadənin səmərəliliyinin artırılması;
- dövlət xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi, onlara əlçatanlığın artırılması;
- iqtisadiyyatın ayrı-ayrı sahələrinin davamlı inkişafının stimullaşdırılması;
- iqtisadiyyatın ayrı-ayrı sahələrinə cəlb olunmuş özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların həcminin artırılması;
- sosial-iqtisadi və biznes yönümlü infrastrukturun qurulması və idarə edilməsi;
- yeni iş yerlərinin yaradılması, habelə regionların tarazlı inkişaf imkanlarının təmin olunması;
- rəqabətqabiliyyətli məhsul ixracının artırılması;
- iqtisadiyyatda səmərəliliyin və şəffaflığın yüksəldilməsi.
Dövlət-özəl tərəfdaşlığı sahəsində səlahiyyətli orqanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
Səlahiyyətli orqan:
- dövlət-özəl tərəfdaşlığı sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsində iştirak edir;
- dövlət-özəl tərəfdaşlığı layihəsinin icrası üzrə müsabiqə sənədlərinin və müqavilələrin layihəsini və ya müqavilələrin əsas şərtlərini hazırlayır;
- özəl tərəfdaşın müəyyən edilməsi məqsədilə müsabiqəni və ya birbaşa danışıqları təşkil edir;
- dövlət-özəl tərəfdaşlığı ilə bağlı layihə təkliflərinin qiymətləndirilməsini tutulan məlumat bazasının yaradılmasını təmin edir;
- müsabiqənin şərtlər toplusunun hazırlanmasını və layihə üzrə dövlət tərəfdaşı ilə razılaşdırılmasını, dövlət-özəl tərəfdaşlığı layihəsinin müsabiqəyə çıxarılmasını və ya birbaşa danışıqlar əsasında müqavilənin bağlanılmasını, habelə müqaviləyə dəyişiklik edilməsini təşkil edir;
- hər bir layihə üzrə müsabiqə iştirakçılarına dair tələbləri müəyyən edir;
- layihələrin siyahısını təsdiq üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir;
- müsabiqə üzrə layihə təkliflərinə baxılması və qalibin seçilməsi müddətini müəyyən edir;
- dövlət-özəl tərəfdaşlığı müsabiqəsinə təqdim edilmiş hər bir layihə üzrə aidiyyəti dövlət orqanlarının (qurumlarının) səlahiyyətli nümayəndələrinin iştirakı ilə dövlət-özəl tərəfdaşlığı qaydalarına uyğun fəaliyyət göstərən işçi qruplar yaradır;
- dövlət-özəl tərəfdaşlığı layihəsinin icrasının bu monitorinqini aparır və nəticəsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat təqdim edir;
- aparılan monitorinqin nəticələri əsasında dövlət resurslarının effektiv istifadə olunmasının qiymətləndirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təkliflər təqdim edir.