Bu ilin yanvar-sentyabr aylarında Gürcüstanda 418 Azərbaycan investisiyalı şirkət qeydiyyata alınıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın “BusinessPress” nəşri yazıb.
Gürcüstanın Milli Statistika İdarəsinin məlumatına əsasən, həmin şirkətlərin 47-si sentyabr ayında qeydiyyatdan keçib.
Hesabat dövründə Gürcüstanda xarici sərmayələr hesabına ümumilikdə 17 051 şirkət təsis edilib ki, bu da illik müqayisədə 15% çoxdur. Qonşu ölkədə ən çox Rusiya (7 025), Ukrayna (2 128), Belarus (1 283), Türkiyə (684) və Hindistan (565) kapitallı biznes subyekt qeydiyyata alınıb.