“Hyundai Motor Company” Sankt-Peterburqdakı zavodunu satmağa hazırlaşır. Tezliklə bununla bağlı qərarın veriləcəyi gözlənilir.
"APA-Economics" xəbər verir ki, bu barədə Rusiya mediasında məlumat yayılıb.
Bildirilib ki, müəssisə Ukraynada müharibə başlayandan sonra komponentlərin çatışmazlığı və təchizat problemi səbəbindən martın 1-dən fəaliyyətsiz qalıb. “Hyundai Motor” zavodu Rusiyada “normal maliyyə fəaliyyətini həyata keçirə bilmir”. Xüsusilə, hazırda şirkətin mərkəzi ofisi ilə Rusiya filialı arasında pul köçürmələri məhduddur.
Bundan əlavə, avtomobil şirkəti avqust və sentyabr aylarında bir dənə də olsun avtomobil sata bilməyib. Buna baxmayaraq, şirkət işçilərin maaşını ödəməyə davam edir. Vəziyyətin belə davam edəcəyi halda, şirkətin müflis olmaq təhlükəsi ilə üzləşəcəyi gözlənilir.
Qeyd edək ki, Sankt-Peterburqda “Nissan” və “Hyundai” ilə yanaşı, bu ilin sentyabrında aktivlərini satmaq qərarına gələn “Toyota” zavodu da var.