Almaniya biznesinin Azərbaycana marağı artır.
APA xəbər verir ki, bunu Almaniya Şərq Biznes Assosiasiyasının icraçı direktoru Maykl Harms Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində keçirilən Alman-Azərbaycan Xarici Ticarət Palatasının sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, 2026-cı ilin ilk yarısında Azərbaycanla Almaniya arasında ikitərəfli ticarət dövriyyəsi 50 faizdən çox artıb.
Maykl Harms Azərbaycanın enerji təchizatı, Orta Dəhliz və logistika imkanlarını qeyd edərək, ölkənin neft-qaz sektorundan kənar sənaye inkişafı baxımından da əhəmiyyətli potensiala malik olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan-Almaniya Biznes Şurası konkret layihələrin həyata keçirilməsinə xidmət edən işçi mexanizm olmalıdır.
Harms əlavə edib ki, Şuranın əsas məqsədlərindən biri Azərbaycan və Almaniya biznesi arasında yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi, mövcud maneələrin aradan qaldırılmasına dəstək verilməsi və birgə layihələrə diqqətin davamlı saxlanılmasıdır.
Maykl Harms Azərbaycana dair Almaniyada müəyyən stereotiplərin və yanlış təsəvvürlərin hələ də mövcud olduğunu da qeyd edib. “Azərbaycanla bağlı Almaniyada hələ də bəzi miflər və qərəzli yanaşmalar var”, - o bildirib.
İcraçı direktor Azərbaycanla Almaniya arasında əməkdaşlığın konkret layihələr və investisiya imkanları əsasında daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.