Zəfər Günü ərəfəsində qürurverici addım Azərbaycanın ən böyük pərakəndə satış şəbəkələrindən biri olan “Kontakt” mağazalar şəbəkəsindən gəldi. Aktiv vətənpərvərlik fəaliyyəti ilə seçilən şəbəkə bu dəfə də “Qarabağ Proqramı”na sadiq qalaraq doğma yurdlarına qayıdan Zəngilan rayonu, Ağalı kənd sakinlərinin sevincinə sevinc qatıb.
Belə ki, “Kontakt” nümayəndələri Ağalı kənd sakinlərinin evlərini ziyarət edib və öz doğma kəndlərinə qayıdan 66 ailənin hər birinə onların təməl ehtiyaclarına uyğun dəyərli məişət əşyaları hədiyyə edib:
“Əgər 2 il əvvələ qədər Qarabağa gəlmək, Qarabağa onun həqiqi sakinlərinin qayıtmağı xəyal kimi görünürdüsə bu gün biz Zəngilanda o xəyalları yaşayırıq. Nə xoş təsadüf ki, məhz bu gün Ağalı kəndinin işğaldan azad olunduğu tarixə təsadüf edir. Bizim şəbəkənin sloqanı “Kontakt sevindirir”di. Biz getdiyimiz hər yerə sevinc daşımağı özümüzə missiya seçmişik. Ümid edirik ki, Ağalı kəndinin sakinlərinə gətirdiyimiz sovqatlar da onların gündəlik həyatlarını asanlaşdıracaq və həyatlarına sevinc qatacaq.” – bu sözləri “Kontakt”ın İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Vəfa Rüstəmova bildirib.
Zəngilan sakinləri də 30 illik böyük həsrətin xoşbəxt sonluğunu fərəh dolu hislərlə ifadə ediblər. Onlar həm Ağalıya qayıtmaqlarını, həm də “Kontakt”ın təqdirəlayiq jestini xoş emosiyalar ilə dilə gətirərək təşəkkürlərini bildiriblər.
Şəbəkə xalqımızı tarixi qələbəyə qovuşduran şəhidlərimizə Allahdan rəhmət arzu edir, qazilərimizin mərdliyi qarşısında baş əyir. Qarşıdan gələn Zəfər Günümüz mübarək!