2018-ci ilin yanvar ayı ərzində "Azexport.az" portalına 81,5 mln. ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub.
"APA-Economics"ə verilən məlumata görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın 2018-ci ilin fevral ayı üçün sayında qeyd olunub ki, ümumilikdə isə 2017-ci ilin 01 yanvar tarixindən 2018-ci ilin 31 yanvar tarixinə kimi "Azexport.az" portalına dünyanın 78 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 556,6 mln. ABŞ dolları təşkil edib.
2018-ci ilin yanvar ayında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (22 %), Türkiyə (8%), Ukrayna (8%), Səudiyyə Ərəbistanı (6%) və Birləşmiş Ərəb Əmirlikləri (6%) qərarlaşıb.
Daxil olan sifarişləri məhsullar üzrə təhlil etdikdə məlum olub ki, cari ilin yanvar ayında ən çox ixrac sifarişi şərab, çay, fındıq ləpəsi, pomidor şirəsi, nar, nar konsentratı və alma olub. Həmçinin lobya, toyuq yumurtası, dekorativ güllər, kosmetik vasitələr, quru süd, dekorativ qurğular, qənnadı məhsulları, meyvə cemi, biyan kökü, mebel dəsti, mühərrik yağı, velosiped, pambıq yağı, boya məhsulları, pambıq toxumu (çiyid), kərpici və s. mallara da sifariş daxil olub.
“İxrac İcmalı”nda düynada ilk dəfə Azərbaycanda onlayn vahid ixrac ərizəsinin tətbiqinə başlanılması, Kənd Təsərrüfatı Nazirliyi dünya bazarlarına soğan ixracı ilə bağlı araşdırması, Azərbaycan məhsulları “Gulfood 2018” Beynəlxalq Ərzaq Sərgisində təmsil olunması, İİTKM –də “Digital Marketinq” mövzusunda təlim keçirilməsi, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə müraciət edən sahibkarların sayı artması və s. məsələlər barədə də məlumatlar verilib.