Bank Of Baku

“Ağ qızıl”la ağ günə çıxanlar - ARAŞDIRMA

“Ağ qızıl”la ağ günə çıxanlar - <span style="color: red;">ARAŞDIRMA
# 19 aprel 2017 16:19 (UTC +04:00)

Saatlı rayonunun Molla Vaizli kəndinin gənc fermeri Namiq Mürşüdov bələdiyyədən icarəyə götürdüyü 2 hektarlıq ərazidə pambıq əkib. O, prezident İlham Əliyevin bu ilin fevralın 28-də Saatlı rayonunda keçirdiyi ikinci müşavirədə Azərbaycanda pambıqçılığın inkişafı ilə bağlı dövlətin dəstəyinin davam etdiriləcəyi ilə bağlı fikirlərindən ilhamlanıb və həyatında ilk dəfə pambıq əkməyə başlayıb. Müsahibim deyir ki, artıq kənddə bələdiyyəyə məxsus 26 hektar ərazi bir neçə nəfər arasında bölünüb və orada yerli sort pambıq əkininə başlanılıb. Pambıqçılıqda məşğul olanların böyük əksəriyyəti isə gənclərdir.

 

Pambıqçılığa maraq artır

 

N. Mürşüdovun sözlərinə görə, artıq Saatlı Pambıq Zavodu ilə müqavilə də bağlayıb. Dövlətin pambığın hər kiloqramı üçün fermerə 10 qəpik subsidiya verdiyini deyən Namiq Mürşüdov əlavə edir ki, müqaviləyə əsasən zavod hazır pambığın hər kiloqramına əlavə 50 qəpik ödəyəcək. Bundan başqa, əldə olunmuş razılaşmaya görə, şumlama, kultivasiya, arat və digər işlər də zavod tərəfindən həyata keçirilib. Onun sözlərinə görə, müəssisə hazır pambıq məhsulunu təhvil alanda çəkdiyi bütün xərcləri nəzərə alacaq və ödəniş zamanı bu xərclər fermerin qazancından çıxılacaq.

 

N. Mürşüdov 2 hektarlıq ərazidə 110 kiloqram pambıq çiyidini əkdiyini deyir. O, bu fəaliyyətdən yaxşı qazanc əldə edəcəyinə ümid edir, böyük nəticələr gözləyir. Fermerin hesablamalarına görə, hər hektardan orta hesabla 30 sentner məhsul almaq mümkün olacaq: “Yaşlı pambıqçıların məsləhəti ilə bu sahəyə qədəm qoydum. Artıq özüm kimi gənclərə məsləhətlərimi də verirəm və onları pambıqçılıqla məşğul olmağa dəvət edirəm. Təkcə bizim kənddə 100 hektar ərazi pambıq əkini üçün nəzərdə tutulub. Artıq 80 hektardan sahədə pambıq əkilib. Gələcəkdə əkin sahəsini artırıb daha geniş ərazilərdə pambıq əkməyi düşünürəm”.

 

Dövlət öz dəstəyini göstərir və göstərəcək

 

Pambıqçılığın Azərbaycanda qədim ənənələri var. Əsrlər boyu xalqımız pambıqçılıqla məşğul olub. Şübhəsiz ki, pambıqçılığın ən sürətli və uğurlu inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1970-ci illərdə və eyni zamanda, 1980-ci illərin əvvəllərində Azərbaycanda pambıqçılıq sürətlə inkişaf edib. Belə ki, Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda pambıq istehsalı bir neçə dəfə artıb. Məsələn, 1980-ci illərin əvvəllərində 800 min ton – 1 mln. tona qədər pambıq tədarük edilirdi. Pambıqçılığın inkişafı respublikanın da inkişafına, məşğulluğun yüksək səviyyədə təmin edilməsinə, kəndlilərin maddi vəziyyətinin yaxşılaşmasına səbəb olub.

 

Keçən ildən başlayaraq, Azərbaycanda pambıqçılığa yenidən çox böyük dövlət dəstəyi göstərilməyə başlanılıb. Prezident İlham Əliyev Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair keçirdiyi respublika müşavirəsində də bildirib ki, dövlət  bu sahənin inkişafını stimullaşdırmaq, fermerlərin marağını artırmaq üçün çox ciddi tədbirlər görür. Məhz prezident İlham Əliyevin təşəbbüsü ilə pambığın alış qiyməti 41 qəpikdən 50 qəpiyə qaldırılıb. Eyni zamanda, pambığın hər kiloqramına görə dövlət tərəfindən 10 qəpik subsidiya verilir.

 

Prezident vətəndaşlar tərəfindən pambıqçılığa çox böyük maraq yarandığını, bunun çox önəmli amil olduğunu qeyd edib. “Dövlət öz dəstəyini göstərir və göstərəcək. Biz pambıqçılığın inkişafı üçün yüz milyonlarla dollar xərcləmişik və xərcləyəcəyik. Ancaq əgər vətəndaşlar tərəfindən bu sahəyə maraq göstərilməsəydi, bizim işlərimiz yarımçıq qala bilərdi. Ona görə, burada həm dövlət dəstəyi, bütün dövlət qurumlarının, özəl qurumların birgə fəaliyyəti və ictimaiyyət tərəfindən göstərilən dəstək tamamilə yeni bir vəziyyətə gətirib çıxarıb. Əminəm ki, bu il göstəricilər daha yaxşı olacaq, buna şübhə yoxdur”.

 

Prezident gələcəkdə pambıqçılığın daha da sürətlə inkişaf etdiriləcəyini, daha geniş vüsət alacağını, bunun həm vətəndaşlara, həm də dövlətə böyük xeyri olacağını bildirib.

 

Pambıqçılıqda reallıq və dönüş ili

 

Bu gün pambıqçılığın inkişafı göz qabağındadır. 2016-cı il pambıqçılıqda dönüş ili olub. Prezident İlham Əliyev də bu məqama xüsusi diqqət yetirib: “2015-ci il demək olar ki, bizim müasir tariximizdə pambıqçılıqda ən pis il olub, 18 min hektardan cəmi 35 min ton pambıq tədarük edilib. Keçən il qısa müddət ərzində, - düzdür, bir qədər vaxt itirdik, - bütün gücləri səfərbər edərək biz dönüş yarada bildik. Çox ciddi tədbirlər görüldü, texnika alındı, dövlət dəstəyi göstərildi, imkan daxilində meliorasiya işləri aparılıb. Keçən il biz 51 min hektarda pambıq əkmişdik və nəticədə 90 min tona yaxın məhsul götürülüb. Yəni, bu, 2015-ci illə müqayisədə üç dəfə çoxdur. Ancaq bu il biz daha da ciddi hazırlaşmışıq. Bu il bütün aqrotexniki tədbirlər ən yüksək səviyyədə təşkil edilib”.

 

Bu il pambıqçılıq sahəsində 200 mindən çox insanın işlə təmin olunacağı gözlənilir. Ötən il cəmi 64 min nəfər pambıqçılıqla məşğul olub. Başqa sözlə, pambıqçılıq sahəsində məşğulluğun artırılması üçün üç dəfədən çox imkan yaranıb. Yeri gəlmişkən,

bu il 22 rayonda 136 min hektar sahədə pambıq əkiləcək. Bu, keçən illə müqayisədə təxminən 3 dəfə çoxdur. Pambıqçılığa marağın artması artıq öz bəhrəsini verməkdədir.

Statistikaya nəzər salsaq görərik ki, artıq bu ilin ilk rübündə Azərbaycanda istehsal edilən pambıq lifinin həcmi 4,5 dəfə artaraq 10 008,5 ton təşkil edib. Bu ilk üç ayda hazır pamdıq parçaların istehsalı 17,3 dəfə artaraq 3 332,5 kvadratmetr təşkil edib. Pambıq iplik istehsalı 22,7% artaraq 3 929,2 ton olub. Bu göstərici aydan-aya daha da artır və artmaqda davam edəcək.

 

Pambıqla bağlı proqnozlar ümidvericidir...

 

ABŞ Dövlət Kənd Təsərrüfatı Departamentinin (USDA)  bu ilin mart ayında dünya pambıq bazarı ilə bağlı açıqladığı hesabata əsasən, 2016-2017-ci illərdə dünyada pambıq istehsalının həcmi 23,16 mln. tona çatacaq. USDA-nın proqnozlarına görə, istehsalın artmasına baxmayaraq, hesabat dövründə dünya üzrə pambıq istehlakı 24,53 mln. tona yüksələcək. Bunun da 7,65 mln. tonu ixraca yönəldiləcək. Pambıq ehtiyatı isə 19,81 mln. tona bərabər olacaq ki, ehtiyatın istehlaka nisbəti 80,7% təşkil edəcək.

 

Proqnozlara görə, 2017-2018-ci illərdə isə dünyada pambıq istehsalının həcmi 23,23 mln. tona bərabər olacaq. USDA-nın növbəti mövsüm üçün proqnozlarına görə, bu müddət ərzində dünya üzrə pambıq istehlakı 25,28 mln. ton olacaq. Bunun da 8,25 mln. tonu ixraca yönəldiləcək. Pambıq ehtiyatı isə 16,71 mln. tona bərabər olacaq ki, ehtiyatın istehlaka nisbəti 66,1% təşkil edəcək.

 

Pambıq üzrə Beynəlxalq Məsləhət Komitəsinin (İCAC) bu ilin mart ayında açıqladığı proqnozlarına görə isə 2016-2017-ci illərdə dünyada pambıq istehsalının həcmi 22,90 mln. tona çatacaq. İCAC-ın bu il üçün nəzərdə tutulan proqnozlarına görə, il ərzində dünya üzrə pambıq istehlakı 24,05 mln. ton olacaq. Bunun da 7,85 mln. tonu ixraca yönəldiləcək. Pambıq ehtiyatı isə 17,88 mln. tona bərabər olacaq ki, ehtiyatın istehlaka nisbəti 74,3% təşkil edəcək.

 

İCAC-ın proqnozlarına görə isə 2017-2018-ci illərdə dünyada pambıq istehsalının həcmi 23,12 mln. tona bərabər olacaq. İCAC-ın növbəti il üçün nəzərdə tutulan proqnozlarına görə, gələn il ərzində dünya üzrə pambıq istehlakı 24,42 mln. ton olacaq. Bunun da 8,06 mln. tonu ixraca yönəldiləcək. Pambıq ehtiyatı isə 16,55 mln. tona bərabər olacaq ki, ehtiyatın istehlaka nisbəti 67,8% təşkil edəcək.

 

Buna səbəb isə 2017-2018-ci il mövsümündə ABŞ-da pambıq əkin sahələrinin əvvəlki ilə nisbətən 21% artması və 12,2 mln. akr təşkil etməsi olacaq. Həmçinin, növbəti illərdə dünya üzrə əsas pambıq ixracatçısı ölkələri arasında ABŞ, Özbəkistan, Hindistan və Avstraliya qalacaq. Proqnozları təhlil edəndə məlum olur ki, bütün dünyada pambığa tələbat artacaq. Bu da məhsulun bazar qiymətinin artacağına işarə edir. Hazırda dünya bazarında pambığın bit tonu 670 ABŞ dolları civarında satıldığını nəzərə alsaq, pambıqçılığın inkişafının Azərbaycana əlavə dəyər qazandıracağını və ölkəyə xarici valyuta axınını artıracağını əminliklə söyləmək olar. Beynəlxalq ekspertlər də hesab edir ki, pambığın gələcəyi ilə bağlı proqnozlar olduqca ürəkaçandır və növbəti illərdə bu bazarda vəziyyət daha da yaxşılaşacaq.

 

Məqalə İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan olunan yaradıcılıq müsabiqəsinə təqdim edilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR