Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Beynəlxalq Əmək Təşkilatının (BƏT) Moskva ofisinin rəhbəri Yelena Koçmuru qəbul edib.
ASK-dan «APA-Economics»ə verilən məlumata görə, görüşdə Konfederasiya ilə BƏT arasında əlaqələrin mövcud vəziyyəti müzakirə edilib, gələcək əməkdaşlıq imkanları araşdırılıb.
M.Musayev ASK haqqında ətraflı məlumat verərək, yeni yaranan komissiyaların fəaliyyətindən danışıb. ASK prezidenti bildirib ki, Konfederasiyanın tərkibində yaradılan komissiyalar sahələr üzrə fəaliyyət göstərir və iş adamları qurum ətrafında sıx birləşərək onları narahat edən məsələlər barəsində öz rəqibləri ilə birgə müzakirə aparırlar.
Y.Koçmur bildirib ki, BƏT Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Konfederasiya ilə əlaqələrini daha da gücləndirəcəklərini deyən Y.Koçmur birgə layihələr işləyəcəklərini də istisna etməyib.
Qeyd edək ki, Azərbaycana səfəri çərçivəsində Y.Koçmur Konfederasiya əməkdaşları üçün «Strateji planlaşdırma» adlı seminar keçirib. Seminarda strateji planlaşdırma və təşkilatı dəyişiklik, işəgötürənlər təşkilatı üçün vacib olan əsas elementlər və proseslər, qrup çalışması, daxili və xarici SWOT təhlili və s. kimi məsələlər təhlil olunub. Beynəlxalq təcrübəyə əsaslanaraq Konfederasiyanın gələcək strategiyasının formalaşması üçün tövsiyələr verilib.