"Bakcell" şirkətinin korporativ sosial məsuliyyətinin əsas prioritetlərindən biri xüsusi qayğıya ehtiyacı olan uşaqların və gənclərin cəmiyyətə inteqrasiya olunması və onlar üçün bərabər imkanların təmin olunmasıdır".
"APA-Economics" xəbər verir ki, bunu "Əlilliyi olan şəxslər iş dünyasında" konfransında çıxış edən "Bakcell" MMC-nin İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiya şöbəsinin rəhbəri Süheyla Cəfərova bildirib.
Mobil operatorun rəsmisi bildirib ki, bu layihə ilə şirkət əlillərin əmək bazarına inteqrasiyasına kiçik də olsa töhfə verəcək. "Hədəf auditoriyası arasında əlilliyi olan insanlar xüsusi paya malikdir. Biz 10 ilə yaxındır ki, bu istiqamətdə layihələr həyata keçiririk. "Bakcell" dövlət tərəfindən əlilliyi olan şəxslərin işlə təminatı ilə bağlı təyin olunmuş kvotanı tamamilə yerinə yetirib və bu göstərici hətta daha artıq olub. Bu sahədə əsas tərəfdaşlarımızdan biri UAFA təşkilatıdır ki, bu təşkilat əlilliyi olan uşaqlarla çalışır. İndiyədək Bakı ilə yanaşı Gəncə və Xaçmazda yüzlərlə uşağın bu layihələr vasitəsilə cəmiyyətə inteqrasiya olunmasına, müəyyən kurslarda təlimlərdə iştirak etməsini təmin etmişik və gələcəkdə həmin uşaqlar üçün müəyyən mənada iş imkanlarının yaradılmasına xidmət edəcək".
S. Cəfərova "British Council" təşkilatına bu layihəni dəstəklədiyi üçün təşəkkür edib.
Şöbə müdiri bildirib ki, "Bakcell" şirkətinin "British Concil" ilə müəyyən layihələrdə əməkdaşlığı olub: "Bu, birbaşa əlilliyi olan şəxslərlə bağlı olmasa da, orta məktəb şagirdlərinin fiziki-psixoloji sağlamlığını əhatə edən layihə olub".
Şirkət rəsmisi əlavə edib ki, "Bakcell" ötən il UAFA ilə birgə əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiya ilə bağlı seminarlar təşkil edib. "Müşahidə etmişik ki, bir çox hallarda böyük qabiliyyəti və bacarığı olan insanlar üçün psixoloji baryerlər var. Birinci növbədə, bu baryerlər ailələr tərəfindən yaradılır. Onlar imkan verməli, onların hər hansı kurslara və işə getməsinə cəhd göstərməlidir. Hesab edirəm ki, psixoloji baryerlərin aradan qaldırılması ciddi məsələdir. Bu cür qabiliyyətli insanlar əmək bazarına inteqrasiya olmalıdırlar".