Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu gün Dövlət Sosial Müdafiə Fondunun (DSMf) sədri Elman Mehdiyevin iştirakı və "Caspian European Club"un təşkilatçılığı ilə keçirilən biznes forumda Azərbaycanda yığım pensiya planlarının tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub.
"APA-Economics"in məlumatına görə, biznes-forumda çıxış edən DSMF sədri bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin müəyyən etdiyi iqtisadi və sosial məsələlərin bir paketdə həll olunması strategiyasının icrası iqtisadi imkanların ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşdırılmasına yönəldilməsini təmin etməkdədir.
E. Mehdiyev vurğulayıb ki, Azərbaycanın pensiya təminatı sisteminin uzunmüddətli maliyyə dayanıqlığına və pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruridir. Bu sahədə mühüm vəzifələrin icrasını hədəfləyən və növbəti mərhələdə pensiya islahatının prioritet istiqamətlərini müəyyən edən “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası” ölkənin pensiya sistemini təkcə sosial öhdəliklərdən çıxış edən təsisat kimi deyil, bütövlükdə iqtisadiyyatın əsas həlledici həlqəsi kimi nəzərdən keçirir.
Azərbaycanın sığorta-pensiya sistemi qlobal çağırışlar fonunda sürətlə dəyişən kənar amillərə çevik adaptasiya imkanına malik olmalıdır və bununla bağlı iki əsas strateji vəzifənin həlli hədəflənir ki, bunlardan birincisi sistemin uzunmüddətli maliyyə dayanıqlığının, digəri isə pensiyaçıların adekvat gəlir əldə edə bilməsinin təmin olunmasıdır.
Göstərilən vəzifələrin həlli üçün Azərbaycanda real yığıma əsaslanan pensiya planlarının tətbiqi islahatın əsas istiqamətlərindən birini təşkil edir. Qeyd edilən islahat tədbiri əmək pensiyalarının könüllü yığım komponentinin fəallaşdırılması və qeyri-dövlət pensiya institutlarının inkişaf etdirilməsini, bununla da vətəndaşlara əlavə pensiya təminatı imkanı verən mexanizmlərin formalaşdırılmasını nəzərdə tutur.
Bu məqsədlə beynəlxalq ekspertlərlə birgə ölkəmizdə könüllü sosial sığortalanmanın tətbiqi sahəsində hazırlanan dövlət sığorta-pensiya sistemində real yığım komponentinin tətbiqinə dair və qeyri-dövlət pensiya fondlarının fəaliyyətinin təşkilinə aid iki yeni qanun layihəsinin hazırlandığını diqqətə çatdıran fond sədri bildirib ki, həmin qanun layihələrində könüllü sosial sığorta haqlarının toplanması mexanizmləri, vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin fərdi uçotunun aparılması, idarəedici şirkətlərə olan tələblər, investisiya qaydaları, qeyri-dövlət pensiya fondlarının yaradılması və fəaliyyətinin təşkili, bu institutlarda öhdəliklərin yerinə yetirilməsi üçün adekvat və səmərəli təminat mexanizmlərinin formalaşdırılması və effektiv idarəetmə sisteminin tətbiqi, qeyri-dövlət pensiyalarının təyinatı, ödənilməsi, bu sahədə dövlət tənzimlənməsi və nəzarətinin əsas istiqamətləri və digər məsələlər öz əksini tapmışdır. Bundan əlavə, könüllü sığortalanmanın stimullaşdırılması üçün bir sıra əlavə mexanizmlərin tətbiqi də nəzərdə tutulub.
İqtisadi münasibətlərdə yeni bazar iqtisadiyyatı aləti olan yığım pensiya planlarının təşəkkül tapması ilə birincisi, maliyyə bazarı iştirakçılarına (özəl fondlar və ya banklar) davamlı likvidliyi qorumağa və “uzun pullar” əldə etməyə imkan verən iqtisadi mühitin formalaşdırılması, ikincisi idarəetmədən gələn gəlirlərin pensiya şəklində vətəndaşa çatdırılmasını əks etdirən birbaşa nəticənin olması, üçüncüsü uzun müddətli səmərə hesab olunan ölkənin pensiya sistemini gələcək maliyyə dayanıqlığı və əvəzetmə əmsalının artımının əldə edilməsi hədəflənir.
Görüş zamanı biznes-forum iştirakçılarının sözügedən mövzu ilə bağlı təklifləri və “Caspian European Club” üzv şirkətlərini maraqlandıran suallar müzakirə olunub.
Biznes-forumda çıxış edən “Caspian European Club”un baş icraçı direktoru Telman Əliyev konstruktiv dialoqa, həmçinin tədbir zamanı “Caspian European Club” üzvlərinin təklif və xahişlərinə göstərilən diqqətə görə E. Mehdiyevə təşəkkürünü bildirib.
O qeyd edib ki, “Caspian European Club” 2002-ci ilin iyun ayında “Caspian Energy International Media Group”un fəal iştirakı və Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən iri neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. “Caspian European Club”un sədri Azərbaycan prezidenti İlham Əliyevdir. T. Əliyevin sözlərinə görə, “Caspian European Club” yarandığı ilk gündən neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə xidmət göstərir. Tərkibində dünyanın 50 ölkəsində fəaliyyət göstərən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” dövlət strukturları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır.
E. Mehdiyevə “Caspian European Club”un fəxri üzv sertifikatı təqdim olunub. "Caspian European Club"un yeni üzv şirkətlərinə də sertifikatlar verilib. “Caspian European Club”un biznes forumunda Azərbaycanda qeydiyyatdan keçmiş diplomatik qurumların nümayəndələri və şirkət rəhbərləri iştirak ediblər.