"Caspian European Club"un növbəti biznes forumu baş tutub. "APA-Economics" xəbər verir ki, budəfəki biznes forumun qonağı “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov olub.
Tədbiri giriş sözü ilə açan “Caspian European Club”un baş icraçı direktoru Telman Əliyev bildirib ki, bugünkü forum Azərbaycanda yaradılan Azad Ticarət Zonasının fəaliyyətinə həsr olunub. Onun sözlərinə görə, "Caspian European Club" 2002-ci ildə yaradılıb və yarandığı gündən ona Azərbaycan prezidenti İlham Əliyev sədrlik edir: "Klubun əsas məqsədlərindən biri neft-qaz sektorundan əldə olunan gəlirləri qeyri-neft sektoruna cəlb etmək, dövlət-biznes əlaqələrini inkişaf etdirməkdir. Hazırda klub çərçivəsində bir sıra klublar fəaliyyət göstərir və sahə klubların rəhbərləri hamısı Azərbaycan, habelə regional şirkətlərin rəhbərləridir".
T. Əliyev vurğulayıb ki, klubun məqsədlərindən biri də bu cür görüşlər təşkil edərək kluba üzv olan özəl şirkətlərin rəhbərləri ilə dövlət qurumlarının rəsmiləri arasında təmas yaratmaqdır, onlara bir-birilərini dinləməyə imkan yaratmaqdır.
Sonra çıxış edən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov da xatırladıb ki, Azad Ticarət Zonasının yaradılması prezident İlham Əliyev tərəfindən atılan çox əhəmiyyətli bir addımdır: "Bu layihə Azərbaycan iqtisadiyyatında, xüsusilə də qeyri-neft sektorunda töhfə verəcək ən böyük layihələrdən biridir".
O qeyd edib ki, bugünkü forum çərçivəsində "Caspian Euripean Club"un üzvləri ilə görüş keçiriləcək: "Tədbirə klubun üzvü olan və iqtisadiyyatın bir sıra sektorlarında təmsil olunan şirkətlərin nümayəndələri qatılıb. Azad İqtisadi Ticarət Zonasında müxtəlif regionlardan, müxtəlif sahələrdə bizneslər yerləşəcək və rezident olaraq fəaliyyət göstərəcəklər. Təbii ki, biznes münasibətləri Azad Ticarət Zonada ən vacib faktordur. Biznes bu layihəyə çox böyük maraq göstərir. Təqdimatlarımızda həm planlarımız, həm də görülmüş işlər barədə müzakirələr aparılacaq".
Liman ötən ilə nisbətən bu il yük aşırımının həcmini azaltsa da, baş direktor qeyd edib ki, bu il bu göstəricinin artması proqnozlaşdırılır: "2015-ci ildə qlobal maliyyə böhranı səbəbindən aşırımın həcmində bəlli bir eniş müşahidə olunub. Bizim proqnozlarımıza görə, bu il liman üzərindən aşırılan yüklərin həcmi 4 milyon tondan çox olacaq. Bununla yanaşı, bizim proqnozlarımıza əsasən, bu artım dinamikası növbəti illərdə də müşahidə olunacaq".
Limanın tikintisindən danışan T. Ziyadov bildirib ki, limanın tikintisi qrafikə uyğun şəkildə davam etdirilir: "Ölkə başçısının tapşırığına uyğun olaraq, birinci mərhələdə nəzərdə tutulmuş bütün işlər tamamlanacaq. Hazırda limanının tikintisi üzrə işlərin 60-65%-i tamamlanıb".