Bank Of Baku

"Sahibkarlar Günü"nə həsr olunan konfrans keçirilib

"Sahibkarlar Günü"nə həsr olunan konfrans keçirilib
# 26 aprel 2017 09:00 (UTC +04:00)

Bu gün Bakıda İqtisadiyyat Nazirliyinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun ("Azpromo") təşkilatçılığı ilə "Sahibkarlar Günü"nə həsr olunan konfrans keçirilib.

 

"APA-Econopmics" xəbər verir ki, konfransda sahibkarların, bir sıra dövlət orqanlarının və ictimai birliklərin nümayəndələrinin sahibkarlığın inkişafında göstərdikləri xidmətlərə görə təltif edilməsi barədə prezident İlham Əliyevin 25 aprel 2017-ci il tarixli sərəncamı oxunub.

 

ASK-nın prezidenti Məmməd Musayev bildirib ki, ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində atılan addımlar sistemli və ardıcıl xarakter daşıyır. O, prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamların, qəbul edilən qərarların sahibkarlığın inkişafına verilən böyük diqqət və qayğısının göstəricisi olduğunu vurğulayıb. M.Musayev bildirib ki, sahibkarlara göstərilən dövlət dəstəyi iqtisadiyyatda özəl sektorun rolunu daha da artıracaq.

 

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov prezident İlham Əliyevin sərəncamı ilə təsis olunmuş "Sahibkarlar Günü"nün qeyd olunmasını ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarların fəaliyyətinə verilən yüksək qiymətin, dövlət başçısı tərəfindən sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının daha bir nümunəsi olduğunu vurğulayıb. Nazir müavini qeyd edib ki, dövlət başçısının “Ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq, həyata keçirilən kompleks və ardıcıl tədbirlər, səmərəli dövlət dəstəyi sistemi, vergi güzəştlərinin tətbiqi, subsidiyaların verilməsi, layihələrin güzəştli şərtlərlə kreditləşdirilməsi, dövlətlə birgə maliyyələşdirmə və risklərin bölüşdürülməsi, sənaye və texnologiyalar parklarının və zonalarının, aqroparkların, biznes-inkubatorların yaradılması, maarifləndirici tədbirlərin, biznes forumların, sərgilərin təşkili və s. kimi tədbirlər nəticəsində sahibkarlıq iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib, ÜDM-də özəl bölmənin payı 80%-i ötüb.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə dövlət başçısının rəhbərliyi ilə son dövrdə ölkəmizdə sahibkarlıq fəaliyyətinin inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması, eləcə də bu sahədə aparılan islahatlar və qəbul edilən qanunvericilik aktlarının önəmini vurğulayıb.


Nazirlər Kabinetinin şöbə müdiri Şahin Sadıqov prezident İlham Əliyevin iqtisadi islahatlar paketi çərçivəsində sahibkarlığın inkişafı ilə bağlı qəbul etdiyi qərarların iqtisadiyyatın davamlı inkişafının təmin olunması baxımından strateji xarakter daşıdığı və sahibkarlığın inkişafı üçün yeni dövrün başlanğıcı olduğunu vurğulayıb, iqtisadi inkişafda, büdcə daxilolmalarında sahibkarlığın rolundan danışıb.

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev qeyd edib ki, Azərbaycan prezidentinin 21 aprel 2016-cı il tarixli sərəncamı ilə hər il aprelin 25-nin "Sahibkarlar Günü" kimi qeyd edilməsi sahibkarlara göstərilən diqqətin təzahürü olmaqla yanaşı, cəmiyyətdə sahibkarların rolunun daha genişlənməsinə səbəb olacaq. Ölkəmizdə sosial dialoqun təmin olunmasında sosial tərəfdaşlığın subyektləri kimi düşünülmüş siyasət yürüdülür, tərəflərin maraqlarına cavab verən mühüm vəzifələr həyata keçirilir: “Baş Kollektiv Saziş vasitəsilə davam edən sosial tərəfdaşlığımızı, qarşılıqlı əlaqələrimizi bundan sonra da möhkəmləndirəcək, ümumi məqsədlərimizə nail olmaq üçün səylərimizi daha da artıracağıq”.

 

Sahibkarları təbrik edən Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib ki, dövlət başçısının “Sahibkarlar Günü”nün təsis edilməsi haqqında sərəncamı sahibkarların respublikamızın sosial-iqtisadi inkişafında, həmçinin əmək resurslarının səmərəli məşğulluğunun təminatında fəal iştirakına yüksək səviyyədə verilən önəmin növbəti ifadəsidir: “Şəffaf biznes və sağlam rəqabət mühitində sahibkarlığın genişlənməsinə əlverişli şərait yaradılması Azərbaycanın dinamik və uzunmüddətli inkişafı məqsədilə aparılan uğurlu siyasətin əsas istiqamətləri sırasındadır. Bu siyasət milli iqtisadiyyatda, eyni zamanda, yeni iş yerlərinin yaradılmasında, əmək bazarının inkişafında, məşğulluq səviyyəsinin yüksəldilməsində özəl sektorun rolunun əhəmiyyətli şəkildə artmasına səbəb olub. Təsadüfi deyil ki, respublika iqtisadiyyatında məşğul əhalinin 75%-ini qeyri-dövlət sektorunda çalışanlar təşkil edir”.

 

Konfransda çıxış edən sahibkarlar, Azərbaycandakı Amerika Ticarət Palatasının, ATİB-in, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının nümayəndələri Azərbaycan prezidentinin sahibkarlara daim dəstək göstərdiyini, sahibkarlıq sahəsində həyata keçirilən islahatları və qəbul edilmiş hüquqi aktları böyük razılıqla qarşıladıqlarını bildirib, sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıya, həyata keçirilən çoxsaylı dəstək tədbirlərinə, “Sahibkarlar Günü”nün təsis edilməsinə görə dövlət başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR