Bakı. Musa Əhmədov – APA-Economics. “Azərmetal” adlı dövlət şirkəti və ya səhmdar cəmiyyətinin yaradılması Azərbaycan üçün daha faydalı ola bilər.
“APA-Economics”in xəbərinə görə, Nazirlər Kabineti Aparatının Neft və kimya şöbəsi müdirinin müavini Rəşid Fətəliyev gələcəkdə səhmləri dövlətə məxsus iki səhmdar cəmiyyətin əsasında belə bir qurumun yaradılacağını istisna etməyib.
“Çünki, dünya metal bazarında neft və qazdan da sərt bir rəqabət mövcuddur. Bu bazarda qiymətlər daha kəskin oynayır. Nəhəng xarici şirkətlərin basqısına tab gətirmək, sabit satış bazarı qazanmaq və dayanıqlı maliyyə imkanlarına malik olmaq üçün qara və əlvan metallurgiya müəssisələrimizin vahid bir əldən idarə olunması məqsədəuyğun olardı”, -deyə R.Fətəliyev vurğulayıb.
Onun sözlərinə görtə, bu sahədə yaradılacaq hər hansı qurum Azərbaycanın malik olduğu zəngin filiz yataqlarını ən müasir texnologiya ilə ətraf mühitə zərər vermədən istismar edəcək və metallurgiya sənayesi qeyri-neft sektorunda önəmli yer tutacaq: “Bununla da metallurgiya sənayesi Azərbaycan iqtisadiyyatının çiçəklənməsinə, xalqın rifah halının yaxşılaşmasına və ölkəmizin bu istiqamətdə də tanınmasına öz layiqli töhfələrini verəcək”.