Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bolqarıstanın əczaçılıq şirkətlərinə Azərbaycanda istehsalat sahələri qurmağı təklif edib.
“APA-Economics”in Bolqarıstanın “İnvestor” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Ş. Mustafayev Bolqarıstanın iqtisadiyyat naziri Bojidar Lukarski və Bolqarıstanın işəgötürənlər və sənayeçilər konfederasiyasının icraçı direktoru Yevgeniy İvanov ilə görüşündə bildirib.
Azərbaycanlı nazir qeyd edib ki, hazırda Azərbaycan bazarında mövcud olan dərmanların 100%-i idxal olunan məhsullardır: “Azərbaycan özünün əczaçılıq istehsalını inkişaf etdirmək niyyətindədir və bunun üçün də Bolqarıstan şirkətləri kimi strateji bir tərəfdaş axtarır”, - deyə Ş. Mustafayev bildirib.
Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərmək niyyətində olan Bolqarıstan şirkətləri Azərbaycan hökumətinin dəstəyinə arxayın ol bilər. Məsələn, onlara zəruri infrastruktur, müəyyən dövr üçün vergidən azadolma kimi güzəştlər veriləcək.
B. Lukarski və Y. İvanov öz növbəsində qeyd edib ki, Bolqarıstanın əczaçılıq şirkətlərinin Azərbaycana səfərini təşkil edəcəklər.