Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev “Gilan Holdinq”in İdarə Heyətinin sədri Cəmil Muradovla görüşüb.
ASK-dan “APA-Economics”ə verilən məlumata görə, mövcud əməkdaşlıq imkanları müzakirə edilərək, gələcəkdə sağlam əməkdaşlığın parametrləri müzakirə olunub.
M.Musayev bildirib ki, son vaxtlar ASK-nın rəhbər işçiləri konfederasiyanın üzvü olan şirkətlərlə əlaqə saxlayır, onların fəaliyyəti ilə yaxından tanış olurlar. “Gilan Holdinq”də keçirilən bu görüş gələcək əlaqələrin inkişafına real zəmin yaradacaq. Görüş zamanı konfederasiyanın həyata keçirdiyi layihələrdən də söhbət açılıb. Məlum olub ki, konfederasiyanın nəzdində 14 komissiya fəaliyyət göstərir və bu komissiyalara ASK-nın Rəyasət Heyətinin üzvləri rəhbərlik edirlər.
M.Musayev C.Muradova konfederasiyanın tərkibində fəaliyyət göstərən “Aqrar emal müəssisələri ilə iş və ixraca dəstək“ komissiyasına rəhbərlik etməyi təklif edib. ASK prezidenti bu komissiyanın fəaliyyətinin bundan sonra daha da fəallaşacağına ümid etdiyini dilə gətirib. M.Musayev ümidvar olduğunu bildirib ki, bu komissiya ölkədə istehsal və ixrac edən müəssisələri öz ətrafında qısa müddət ərzində toplaya biləcək.
C.Muradov holdinqin fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, holdinqin tərkibində müxtəlif sahələrdə istehsalla məşğul olan müəssisələr təmsil olunur. Bunlardan Qəbələ konserv zavodu, Qəbələ fındıq emalı zavodu, Bakı “Jalə” suları zavodu, “Gilan” süd emalı zavodları, Bakı CD emalı zavodu, gips emalı zavodu, alçıpan zavodu, kərpic zavodları, beton zavodları, asfalt zavodları, “Alko” spirt zavodu, dəri emalı zavodu, makaron zavodları, tikiş fabrikləri, dəyirman, “Pacific” və s. kimi şirkətlərini misal göstərmək olar.
Görüşdə vurğulanıb ki, “Gilan Holdinq” ixracla bağlı müəyyən qədər təcrübəyə malikdir. Gələcəkdə sözügedən komissiyanın fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində bu təcrübə olduqca faydalı olacaq. C.Muradov qeyd edib ki, “Aqrar emal müəssisələri ilə iş və ixraca dəstək“ nın ölkə iqtisadiyyatının inkişafına, xüsusilə də Azərbaycan brendlərinin Avropa bazarına çıxarılmasında xüsusi xidmətlər göstərəcəyinə inanır.
Komissiyanın bütün sənədlərini birgə müzakirə etmək, vahid fəaliyyət proqramı hazırlamaq üçün razılıq əldə olunub.