Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev İtaliyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Campaolo Kutillyo ilə görüşüb.
ASK-dan «APA-Economics»ə verilən məlumata görə, M.Musayev Konfederasiya haqqında ətraflı məlumat verərək yeni yaranan «ASK Biznes Konsaltinq» MMC-nin gələcək fəaliyyət istiqamətlərindən bəhs edib. Görüşdə sosial, siyasi-iqtisadi, mədəniyyət və incəsənət məsələlərində Azərbaycan və İtaliya xalqlarını bir-birinə bağlayan münasibətlərdən, müştərək dəyərlərdən söhbət açılıb, hər iki ölkə arasında mövcud ticarət, iqtisadiyyat sahələrində işgüzar fəaliyyətin perspektivləri müzakirə edilib.
M.Musayev qeyd edib ki, hər iki ölkənin sahibkarları arasında əlaqələrin gücləndirilməsi vacib məsələlərdən hesab olunur. O, ASK-nın hər zaman ölkəmizdə biznes fəaliyyəti ilə məşğul olmaq istəyən italyan iş adamlarına dəstək olacağını da vurğulayıb. Həmçinin, ASK və İtaliya-Azərbaycan Ticarət İnstitutu arasındakı əməkdaşlıq imkanları da yüksək qiymətləndirilib. Bununla yanaşı, «ASK Biznes Konsaltinq»in təşkilatçılığı ilə yanvar ayında İtaliyanın məhşur «MADE S.p.A.» şirkətinin əməkdaşları və Azərbaycan sahibkarlarının iştirakı ilə təşkil edilmiş görüşün əhəmiyyəti xüsusi önəm kəsb edib.
İtaliyanın Azərbaycanda yeni səfiri C.Kutillyo bildirib ki, Azərbaycanda diplomatik fəaliyyət göstərdiyi müddətində ASK ilə əməkdaşlığa böyük önəm verəcək. Azərbaycan və İtaliya iş adamları arasında ikitərəfli əlaqələrin güclənməsinə dəstək göstərəcək. Səfir əlaqələrin daha da yüksək səviyyədə inkişaf etdirilməsi üçün səfirlik və ASK mövqeyindən birgə koordinasiya fəaliyyətinə ehtiyac olduğunu qeyd edib.