Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda səfərdə olan gürcüstanlı həmkarı Dmitri Kumsişvili ilə görüşüb.
APA-nın yerli bürosu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə istinadla xəbər verir ki, görüşdə tərəflər iki ölkə arasında iqtisadi əməkdaşlığın əsas istiqamətləri üzrə fikir mübadiləsi aparıb.
Qeyd olunub ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcminin artırılması ilə bağlı böyük potensial mövcuddur.
Görüşdə 2017-ci ildə Azərbaycanın Gürcüstanın 4-cü böyük ticarət tərəfdaşı olduğu və Gürcüstandan Azərbaycana ixracın 78% artdığı vurğulanıb.
Tərəflər, həmçinin çoxtərəfli və regional formatlarda mövcud əməkdaşlıq məsələlərini də nəzərdən keçiriblər. Bu kontekstdə Azərbaycan, Gürcüstan və Türkiyənin iştirak etdiyi birgə layihələr xüsusi qeyd olunub.
Ş.Mustafayev və D.Kumsişvili həmçinin coğrafi adların qarşılıqlı tanınması üzrə razılaşmanın imzalanması və iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasının keçirilməsi ilə bağlı məsələləri də müzakirə ediblər.