Bank Of Baku

Azərbaycanda sənaye və texnologiya parklarında yeni növ mal istehsal edəcək sahibkarları stimullaşdırmaq üçün yeni mexanizm yaradılır

Azərbaycanda sənaye və texnologiya parklarında yeni növ mal istehsal edəcək sahibkarları stimullaşdırmaq üçün yeni mexanizm yaradılır
# 29 mart 2015 10:27 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda sənaye, yaxud texnologiyalar parklarının infrastrukturunun, istehsal sahələrinin yaradılması və tikintisi, habelə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədilə sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında idxal edilən texnika, texnoloji avadanlıqlar və qurğular gömrük rüsumlarından azad ediləcək.

 

APA-nın məlumatına görə, bu, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Milli Məclisə təqdim etmək üçün hazırlanan və ictimai müzakirəyə çıxarılan “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsində əksini tapıb.

 

Qanun layihəsində sənaye və texnologiyalar parklarında fəaliyyət göstərəcək rezidentlərin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada sənaye, yaxud texnologiyalar parklarında qeydiyyat şəhadətnaməsini almış, sənaye və texnologiyalar parklarında fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər) gömrük rüsumlarından azad edilməsi proseduru və əsasları da müəyyənləşdirilib. Sənaye, yaxud texnologiyalar parklarında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğular rezidentin sənaye, yaxud texnologiyalar parklarında qeydiyyata alındığı tarixdən 7 il müddətinə gömrük rüsumlarından azad ediləcək. Sənaye, yaxud texnologiyalar parklarının rezidenti sənaye, yaxud texnologiyalar parklarında yerləşən təsərrüfat və digər vergitutma obyektlərini bu qanunla müəyyən edilmiş gömrük rüsumlarından azad etmə müddəti bitənədək özgəninkiləşdirdikdə əvvəlki rezidentin mövcud investisiya layihəsinə uyğun olaraq mal (iş, xidmət) istehsalına başlamağı və ya davam etdirməyi öhdəsinə götürən təsərrüfat və digər vergitutma obyektlərini əldə edən yeni rezidentə gömrük rüsumlarından azad etmə həmin müddətin qalan hissəsi ərzində şamil olunur. Ancaq bu halda yeni investisiya layihəsinə uyğun olaraq digər növ mal (iş, xidmət) istehsalını təşkil etməyi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdən az olmayan sərmayə qoyuluşunu öhdəsinə götürən təsərrüfat və digər vergitutma obyektlərini əldə edən yeni rezidentə gömrük rüsumlarından azad etmə bu qanunla nəzərdə tutulmuş tam müddət ərzində, yəni 7 il şamil olunacaq.

 

Sənaye, yaxud texnologiyalar parklarının rezidenti sənaye, yaxud texnologiyalar parklarında yerləşən təsərrüfat və digər vergitutma obyektlərini bu Qanunla müəyyən edilmiş gömrük rüsumlarından azad etmə müddəti bitəndən sonra özgəninkiləşdirdikdə əvvəlki rezidentin mövcud investisiya layihəsinə uyğun olaraq mal (iş, xidmət) istehsalını davam etdirən təsərrüfat və digər vergitutma obyektlərini əldə edən yeni rezidentə gömrük rüsumlarından azad etmə şamil olunmur. Ancaq bu halda da yeni investisiya layihəsinə uyğun olaraq digər növ mal (iş, xidmət) istehsalını təşkil etməyi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdən az olmayan sərmayə qoyuluşunu öhdəsinə götürən təsərrüfat və digər vergitutma obyektlərini əldə edən yeni rezidentə gömrük rüsumlarından azad etmə 7 il ərzində şamil olunacaq. Sənaye, yaxud texnologiyalar parklarının rezidenti yeni investisiya layihəsinə əsasən sənaye, yaxud texnologiyalar parklarında digər istehsal sahəsi qurduqda, gömrük rüsumlarından azad etmə rezidentin sənaye, yaxud texnologiyalar parklarında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada yeni investisiya layihəsi üzrə qeydiyyata alındığı tarixdən hesablanır. Bu halda bu qanunla müəyyən edilmiş gömrük rüsumlarından azad etmə yeni investisiya layihəsi üzrə fəaliyyətə şamil olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR