Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda vergi orqanı olmayan iri şəhər və rayonlarda vergi ödəyicilərinə Xidmət Mərkəzləri yaradılıb.
Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bu, vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsi, sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə həyata keçirilir.
Xidmət Mərkəzlərinin əsas məqsədi həmin rayonda fəaliyyət göstərən vergi ödəyicilərinə müasir standartlara uyğun vergi xidmətlərinin göstərilməsidir.
Xidmət Mərkəzlərində zəruri şərait yaradılıb və onların funksiyaları genişləndirilib. Vergi ödəyicisi vergi orqanına getmədən yaşadığı və ya fəaliyyət göstərdiyi ərazidəki Xidmət Mərkəzinə müraciət edərək vergilər barədə məlumat və izahatların alınması, vergi ödəyicilərinin və təsərrüfat subyektlərinin (obyektlərinin) qeydiyyatı, qeydiyyatdan çıxarılması və qeydiyyat məlumatlarının dəyişdirilməsi, vergi bəyannamələrinin, hesabatların, ərizələrin və digər sənədlərin vergi orqanına göndərilməsi, nəzarət-kassa aparatlarının qeydiyyatı və qeydiyyatdan çıxarılması, hazır sənədlərin və arayışların alınması, «Asan imza»nın, habelə istifadəçi kodu, şifrə və parolun əldə edilməsi və dəyişdirilməsi və uyğunsuzluq məktublarının araşdırılması və s. vergi xidmətlərindən istifadə edə bilərlər.