Bakı. Ramiz Mikayıloğlu-APA. İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycanda yerli istehsalı stimullaşdırmaq üçün təkliflər paketi hazırlayıb.
APA-nın məlumatına görə, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim ediləcək “Güzəştlərin həcmi və tətbiqi Qaydası” barədə layihə və Milli Məclisə təqdim ediləcək “Dövlət satınalmaları haqqında” qanunda dəyişikliklər edilməsi barədə layihə hazırlanaraq ictimai müzakirəyə çıxarılıb.
“Güzəştlərin həcmi və tətbiqi Qaydası” dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə güzəştli düzəlişlərin həcmini və tətbiqi qaydasını müəyyən edir. Malların satın alınmasında keçirilən tenderlərdə iddiaçılar tərəfindən təklif edilən malların istehsalında istifadə olunan yerli xammal və materialların və yerli işçi qüvvəsinin ümumi həcmi 50 faizdən artıq təşkil edərsə, yerli malların xeyrinə güzəştli düzəliş tətbiq oluna bilər. İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən təklif edilən layihədə dövlət və müəssisə təşkilatları tərəfindən tenderlər keçirilərkən yerli mallar, işlər və xidmətlərə üstünlük verən şirkətlərə nəzərdə tutulan güzəştlərin həcminin 2 dəfəyə qədər artırılması əksini tapıb. Konkretləşdirsək, mövcud Qaydaya əsasən yerli malların xeyrinə tətbiq olunan güzəştli düzəlişin həcmi xaricdən idxal olunan eyni malların təklif olunan qiymətinin 15 faizinə qədər həcmində qəbul edilib. Təklif edilən dəyişiklikdə bu sahədə güzəştli düzəlişin 25 faizə qaldırılması nəzərdə tutulur. Başqa sözlə, hazırda malların satın alınması ilə bağlı tender keçirilərkən təklif edilən malda yerli xammal və materialların və yerli işçi qüvvəsinin ümumi həcmi 50 faizdən 60 faizə qədər olduğu halda 5 faiz güzəştli düzəliş tətbiq olunursa, təklif edilən dəyişikliyə əsasən bu halda güzəştli düzəlişin həcmi 10 faizə, yerli xammal və materialların və yerli işçi qüvvəsinin ümumi həcmi 60 faizdən 70 faizə qədər olduğu halda 9 faiz güzəşt tətbiq edilirsə, dəyişikliyə əsasən bu halda güzəştli düzəlişin həcmi 15 faizə, yerli xammal və materialların və yerli işçi qüvvəsinin ümumi həcmi 70 faizdən 80 faizə qədər olduğu halda 12 faiz güzəşt tətbiq edilirsə, dəyişikliyə əsasən bu halda güzəştli düzəlişin həcmi 18 faizə, yerli xammal və materialların və yerli işçi qüvvəsinin ümumi həcmi 80 faizdən 90 faizə qədər olduğu halda 14 faiz güzəşt tətbiq edilirsə, dəyişikliyə əsasən bu halda güzəştli düzəlişin həcmi 20 faizə, yerli xammal və materialların və yerli işçi qüvvəsinin ümumi həcmi 90 faizdən 100 faizə qədər olduğu halda 15 faiz güzəşt tətbiq edilirsə, dəyişikliyə əsasən bu halda güzəştli düzəlişin həcmi 25 faizə qaldırılır.
Mövcud Qaydaya əsasən işlərin satın alınmasında keçirilən tenderlərdə iddiaçılar tərəfindən təklif edilən işlərin yerinə yetirilməsində istifadə olunan yerli xammal və materialların və yerli işçi qüvvəsinin ümumi həcmi 50 faizdən artıq təşkil edərsə bu işlərin xeyrinə 7,5 faizə qədər güzəştli düzəliş tətbiq olunur. Layihədə bu sahədə də güzəştli düzəlişin 2 dəyə qədər artırılması əksini tapıb. Yəni hazırda malların satın alınması ilə bağlı tender keçirilərkən təklif edilən malda yerli xammal və materialların və yerli işçi qüvvəsinin ümumi həcmi 50 faizdən 75 faizə qədər olduğu halda 6 faiz güzəştli düzəliş tətbiq olunursa, təklif edilən dəyişikliyə əsasən bu halda güzəştli düzəlişin həcmi 10 faizə, yerli xammal və materialların və yerli işçi qüvvəsinin ümumi həcmi 75 faizdən 100 faizə qədər olduğu halda 7, 5 faiz güzəştli düzəliş tətbiq olunursa, dəyişikliyə əsasən bu halda güzəştli düzəlişin həcmi 15 faizə qaldırılır. Xidmətlərin satın alınmasında keçirilən tenderlərdə də göstəricilər işlərin satın alınması ilə bağlı keçirilən tenderlərə müvafiq olaraq artırılır.
“Dövlət satınalmaları haqqında” qanunda da bu tenderlərdə yerli malgöndərənlər (podratçılar) üçün güzəştli düzəliş ilə bağlı şərtlər konkretləşdirilib. Qanuna əsasən hazırda tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmuşdursa, satınalan təşkilat tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə güzəştli düzəliş tətbiq edə bilər. Ancaq dəyişikliyə əsasən bu şərt birmənalı müəyyənləşir. Layihədə qeyd edilir ki, satınalan təşkilat tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə (standartlara) cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə güzəştli düzəliş tətbiq edir.