İqtisadiyyat Nazirliyi tərəfindən noyabrın 9-13-də Çinin Honq-Konq Xüsusi İnzibati Ərazisinə və Quancou şəhərinə ilk ixrac missiyası təşkil olunacaq.
İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, AzPromo-nun və Azərbaycanda şərab istehsalı və ixracı ilə məşğul olan şirkətlərin nümayəndələrinin daxil olduğu ixrac missiyası Honq-Konq Xüsusi İnzibati Ərazisində keçirilən "Honq-Konq Şərab və Srirtli İçkilər Sərgisi"də və "Quancou Şərab Sərgisi"də iştirak edəcək.
Səfər zamanı iş adamları arasında ixrac imkanlarının genişləndirilməsi ilə bağlı müzakirələrin aparılacaq. İxrac missiyası həmçinin, Çində yerli distributorlarla, rotensial müştərilərlə görüşlər keçirəcək, şərab istehsalında tətbiq olunan yeni texnologiyalarla tanış olacaqlar. Səfər çərçivəsində iş adamları arasında əməkdaşlığa dair sənədlərin imzalanması gözlənilir.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən Çinin Honq-Konq Xüsusi İnzibati Ərazisinə və Quancou şəhərinə təşkil olunan ixrac missiyalarında iştirak edən şirkətlərin seçilməsi üçün müsabiqə keçirilib və Azərbaycanda şərab istehsalı və ixracı ilə məşğul olan 12 şirkət ixrac missiyasında iştirak etmək hüququ qazanıb.