Bakı - APA-Economics. “İstehsal fəaliyyətimizin genişləndirilməsinə ümumilikdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2,5 milyon manat güzəştli kredit verilib. Zavodlarımızda müasir texnologiyanın tətbiqi enerji məsrəflərinin azalmasına və məhsulun maya dəyərinin aşağı düşməsinə səbəb olub”.
“APA-Economics” verdiyi xəbərə görə, bu barədə “Mətanət-A” şirkətinin baş direktoru Elxan Bəşirov deyib.
“Hazırda şirkətimizin tərkibinə Abşeron rayonunda quru inşaat qarışıqları, boya və beton qatqıları zavodları, Qazax rayonunda tikilməkdə olan əhəng zavodu, Qaradağda gips hörgü bloku, Ağdağ gips və yeni Ağdağ gips zavodları olmaqla 7 zavod daxildir. Bu zavodlarda istehsal olunan məhsullar rəqabətədavamlı, idxalı əvəz edən, həm də ixracyönümlüdür. 1000-dən çox məhsul çeşidinə və 200-dən çox ticarət markasına malik olan şirkətimizdə 800 nəfərə yaxın işçi çalışır”, - deyə A. Bəşirov bildirib.
Baş direktorun sözlərinə görə, ölkə başçısının qeyri-neft ixracının artırılması və coğrafiyasının genişləndirilməsi siyasətinizə uyğun olaraq artıq şirkət öz hədəflərini müəyyənləşdirib: “Belə ki, şirkətimiz tərəfindən 4 yeni zavodun inşası ilə bağlı ilkin araşdırma və layihələndirmə işlərinə başlamışıq. Bunlar Qaradağ rayonunda illik istehsal gücü 8 milyon kvadratmetr olan gips karton və 35 min ton olan mineral yun, Qazax rayonunda 50 min ton olan əhəng və Balaxanıda 300 min ton kvars qumunun zənginləşdirilməsi zavodlarıdır. Bu zavodların yaradılmasına ümumilikdə 105 milyon manat investisiya qoyulacaq və dövlətin güzəştli kreditlərindən də istifadə olunacaq. İstehsal ediləcək məhsullar hesabına daxili tələbatın ödənilməsi tam təmin olunmaqla yanaşı, əsasən ixraca yönəldiləcək. Zavodların yaradılması nəticəsində 1500 yeni iş yeri açılacaq”.