Azərbaycanlı iş adamı Ukraynanın Vinniçiya vilayətində meyvə emalı və meyvə konsentratlarının istehsalını həyata keçirəcək zavodun inşasını həyata keçirəcək.
“APA-Economics”in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, “Aqro-Etalon” MMC şirkətinin direktoru Qaçay Şəfiyev bildirib ki, gələn mövsüm zavodun tikintisini planlaşdırırlar.
“Zavodun tikintisi ilə bağlı maliyyə xərclərinə gəlincə İsveçrə 5 mln. avro vəsait ayıracağına vəd verib. Hal-hazırda onlar bizim şirkətlə bağlı araşdırma aparır, biz isə sənədlərimizi hazırlayırıq. Əgər işlər qaydasında gedərsə və onlar bizə maliyyə vəsaiti ayırarlarsa, biz Sutiskaxda zavodun inşasını reallaşdıracağıq”, - deyə Q.Şəfiyev vurğulayıb.
Qeyd edək ki, “Aqro-Etalon” MMC Ukraynada meyvə becərilməsi üzrə ixtisaslaşan ən böyük şirkətlərdəndir. Şirkət əsasən Tıvrov rayonunda yerləşir. Şirkətin meyvə saxlamaq üçün 18 min kvadratmetr sahəsi olan soyuducusu və 600 ha. Meyvə bağları var. Şirkət Ukrayna bazarı ilə yanaşı, MDB ölkələri və Səudiyyə Ərəbistanına da məhsul ixrac edir.