Bu gün Bakıda Avropa İttifaqının Şərq Tərəfdaşlığı: “Ticarətə hazır ol!” layihəsinin açılış mərasimi keçirilib.
“APA-Economics”in məlumatına görə, tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib ki, Azərbaycan Beynəlxalq Ticarət Mərkəzi ilə əməkdaşlığa çox böyük önəm verir. Onun sözlərinə görə, “Azərbaycan hökumətinin Avropa İttifaqının Şərq Tərəfdaşlığı: “Ticarətə hazır ol!” layihəsinin həyata keçirilməsi yerli sahibkarların potensialının artırılması, onların istehsal etdikləri məhsulların dünya və Avropa bazarlarına çıxarılmasına dəstək verəcək: “Bu əməkdaşlıq 5 istiqamətdə aparılacaq. Artıq bizim məhsul çıxaracağımız bazarlarımız var və orada biz məhsul satırıq. Ancaq bu layihə çərçivəsində biz spesifik məhsulların satışını həyata keçirəcəyik.”
Nazir müavini deyib ki, bu gün Azərbaycanda kiçik və orta sahibkarların xarici bazarlara çıxışları çox məhduddur: “Biz çalışacağıq ki, onlara dəstək olaq. Digər bir dəstək aspekti isə kiçik və orta sahibkarlara maliyyəyə çıxış əldə etməsi ilə bağlı olacaq. Bu, yerli sahibkarların maliyyə çıxışını da təmin edəcək.
O qeyd edib ki, bu gün Azərbaycan iqtisadiyyatının 80%-i özəl sektorun payına düşür: "Bu vaxta qədər ixracda qeyri-neft sektorunun payı 40%-ə çatırdısa, hazırda bu rəqəm 70%-ə bərabərdir. İqtisadiyyatın diversifikasiyası üçün də kompleks işlər aparılır. Azərbaycanda aparılan islahatlar ixracın artmasına səbəb olub. Görülən işlər nəticəsində ümumi ixracımız 44%, qeyri-neft ixracı 22%, kənd təsərrüfatı məhsullarının ixracı isə 40% artıb".
Nazir müavini həmçinin əlavə edib ki, layihə çərçivəsində sahibkarlarımıza konsaltinq məsləhətləri və xarici bazarlara məhsulun çıxarılması ilə bağlı sənədləşdirmə işləri ilə bağlı hüquqi yardımlar göstəriləcək: “Azərbaycan bununla BMT qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmiş olacaq. Əminəm ki, bu layihənin icrası faydalı olacaq və öz nəticəsini də verəcək”.
Beynəlxalq Ticarət Mərkəzinin icraçı direktoru Arança Qonzales isə çıxışında Azərbaycan sahibkarlarına Avropa bazarına çıxmaq üçün bəzi standartların alınmasına yardım edəcəklərini deyib. Onun sözlərinə görə, Azərbaycandakı sahibkarların 80%-ə qədəri kiçik və orta sahibkarlardır: “Amma onların yalnız 10%-i ixracatda iştirak edir. Bilirsiniz ki, Avropada gigiyenik tələblər çox sərtdir. Bu tələblərə cavab vermək üçün həmin standartlara uyğun məhsul istehsal etməlisiniz. Beynəlxalq Ticarət Mərkəzi bu işdə Azərbaycan sahibkarlarına dəstək olacaq”.
O qeyd edib ki, qarşıdakı 3 il ərzində Beynəlxalq Ticarət Mərkəzi ixracın keyfiyyət baxımından yaxşılaşmasına dəstək verəcək".
Sonra Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) ilə Beynəlxalq Ticarət Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumunu Azpromo tərəfindən Azpromo-nun rəhbəri Rüfət Məmmədov, Beynəlxalq Ticarət Mərkəzi adından isə Mərkəzin icraçı direktoru Arança Qonzales i imzalayıblar.