Bu gün Bakıda “Azərbaycanda və İranda investisiya imkanları” mövzusunda konfrans keçirilib.
“APA-Economics”in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəhbəri Rüfət Məmmədov bildirib ki, iki ölkə arasında investisiya sahəsində çox böyük potensial mövcuddur.
Onun sözlərinə görə, artıq Azərbaycan və İran arasında investisiya sahəsində tədbirlərin keçirilməsi ənənəvi hal alıb: “Bu gün Azərbaycanda 450-yə yaxın İran investisiyalı şirkətlər fəaliyyət göstərir. Bu şirkətlər ölkəmizə 1,2 mlrd. dollar investisiya yatırıb ki, bunun da 145 mln. dolları qeyri-neft sektorunu əhatə edir”.
R. Məmmədov deyib ki, Azərbaycanlı iş adamları İran bazarına olduqca böyük maraq göstərirlər və bu ölkəyə investisiya yatırlar.
İranın İnvestisiya, İqtisadi və Texniki Yardım Təşkilatının (OİETA) Xarici İnvestisiyalar Departamentinin direktor müavini Əkbər Qəhrəmani bildirib ki, bu günə qədər xarici investorlar İrana 8 mlrd. dollardan çox yatırım yatırıblar. Onun sözlərinə görə, bu gün xarici investorların İran haqqında düzgün təsəvvürləri yoxdur: “İran tərəfi hər bir xarici investorun yatırımını sığortalayır və ona dəstək durur. İran gəldiyi gündən ölkədən çıxana qədər investorlara dəstək olur. Yəni, iranlı investorla xarici investor arasında heç bir fərq qoymur. İran dövləti hər bir xarici investorun itkilərini qarşılamağa hazırdır. Qanunvericilik səviyyəsində xarici investorun yatırımları himayə edirik.”.
İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə isə bildirib ki, son illər Azərbaycan və İran arasında iqtisadi-siyasi əlaqələri artıb. Onun sözlərinə görə, iki ölkə arasında yüz illərdir dostluq və qardaşlıq əlaqələri var: “Azərbaycan xarici investisiya cəlb etməkdə regionda lider ölkədir. Bu bizim üçün başucalığıdır”.
İran səfiri deyib ki, İran Azərbaycanın bu təcrübəsini öyrənməkdə maraqlıdır: “Hazırda İranın Azərbaycanda 4 böyük müştərək investisiya layihəsi mövcuddur. Bunlar avtomobil zavodunun inşası, dərman zavodunun tikintisi, Rəşt-Astara dəmiryolu və Bakıda yeni xəstəxananın inşası layihələridir ki, hər iki ölkənin prezidentləri bu layihələrin reallaşmasına göstəriş veriblər. Biz Azərbaycanla əməkdaşlıq etdiyimizə görə fəxr edirik. Bizim heç bir siyasi problemimiz yoxdur. Bunu təsdiq etmək üçün deyə bilərəm ki, heç bir ölkənin prezidentləri 3 ildə 7 dəfə görüşməyiblər”.
Qeyd edək ki, bu ilin sonuna qədər Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev İrana səfər edəcək. Gələn ay isə Urmiya valisi Azərbaycana gələcək.
Tədbirin sonunda Azərbaycanın biznes mühiti və investisiya imkanları haqqında təqdimat olub.